EN

Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Prezident İlham Əliyevin uğurlu siyasətinin parlaq nəticəsidir - ŞƏRH

Bakı, 23 dekabr, AZƏRTAC

Dörd ildən artıqdır ki, şanlı Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında açdığı geniş üfüqlərdən bəhs edirik. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi Günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısı 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək belə bir əminliyi ifadə etdi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək.

Dövlətimizin başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqlədi. Qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat qeyd edib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur.

Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmış və Regional inkişaf proqramları təsdiqlənərək uğurla icra edilib. Dörd Dövlət proqramının həyata keçirilməsi hər bir bölgənin simasının dəyişməsində, infrastrukturun yenilənməsində, hər bir rayonun malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımların atılmasında aydın ifadəsini tapır. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da uğurlu inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.

Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoydu. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin inkişafına geniş imkanlar yaradacaq.

Bu günlərdə üçüncü oxunuşda qəbul olunan 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.

İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin olunmasına, mühüm sosial layihələrin icrasına yönəldilir. Azərbaycanın bugünkü dayanıqlı inkişafı bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır.

Milli Məclisin üzvü şanlı Zəfərimizin və suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirərək vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin 21 illik prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Qələbədən sonra bu ərazilərdə aparılacaq bərpa işlərinə hazırlığa həsr olundu. Bunun təsdiqi tarixi Zəfərimizdən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsi, qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir.

Azərbaycanın bu gün yeni körpülər qurmasından, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasından danışan parlamentari vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Qlobal problemlərin həlli yollarının Azərbaycanda müzakirə edilməsi, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə, əhatə etdikləri mövzulara diqqət yetirdikdə bu gün Azərbaycana diqqət və marağı, mövqeyinə verilən önəmi daha aydın görürük.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında əsas amillərdən biridir. Hazırkı dövrün əsas hədəfi yaşıl enerjiyə keçiddir.

Prezident İlham Əliyev ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Liderlərin Sammitində bu çağırışı etdi ki, ölkəmiz yaşıl keçidin güclü carçısı olacaq. COP29 tədbirinin yüksək təşkilatçılığı, uğurlu nəticələri Azərbaycanın söz sahibliyinin, beynəlxalq nüfuzunun təqdimatı oldu. Qısa müddətdə tədbirə belə yüksək səviyyədə hazırlıq Prezident İlham Əliyevin Liderliyinin, uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi.

Ağalar Vəliyev sonda qeyd edib ki, 21 ilin uğurlarının miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində dövlətimizin başçısının atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdi. Prezident İlham Əliyevin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.

Chosen
1
6
azertag.az

7Sources