Səfər proqramımıza tam riayət edə bilmirik. O qədər görüləsi yer var ki, hər məntəqədə dayanmaq, hər tarixi abidəni görmək istəyir insan. Bizi ləngidən Alp dağlarıdır. Onun gözəlliyi, soyuq əzəməti hər an insanı tilsimləyərək özünə çəkir. Tez-tez maşını saxlayıb başı qarlı zirvələri, Alp çəmənliklərini seyr etmək istəyir insan…
Alp dağları uzunluğuna görə dünyanın ən uzun silsilə dağlarındandır. Bura Po, Rona, Reyn çaylarının, eləcə də Dunayın sağ qollarının əsas mənbəyidir. Alpların dağ rayonları əhalinin ən sıx məskunlaşdığı bölgələrdir. Ancaq Alp dağlarının ən gözəl yerləri İsveçrə, İtaliya, Avstriya və Fransadadır.
8 ölkənin ərazisində yerləşir: Avstriya, Almaniya, İtaliya, Fransa, Monako, İsveçrə, Lixtenşteyn və Sloveniya. Alp dağlarının ümumi uzunluğu 1200 km, eni isə 201 km təşkil edir. İsveçrə ərazisinin demək olar üçdə ikisini Alp dağları tutur.
Alpların simvolu edelveysdir. Edelveys bu dağlar üçün ən xarakterik bitkidir. Ona 1800 metrdən yüksəkdə, meşələrin yuxarı sərhəddində rast gəlinir. Bu, minlərlə yay çiçəyi ilə səpilmiş son çiçəkləyən alp çəmənliklərinin sahəsidir. Bu yüksəkliklər əkinçilik üçün əlverişli deyil, lakin Alp çəmənlikləri mal-qaranın otarılması üçün çox uyğundur. Dünyanın bir çox ölkəsinin insanlarından daha mutlu olan inəklər buraların tək sahibidir…
Lütsern şəhərinə doğru sürürəm maşını. Adı almanca “Luzern” yazılan bu şəhər İsveçrənin eyniadlı kantonunun paytaxtıdır. Sürix kimi bu kanton da almandillidir. Ölkənin ən gözəl şəhərlərindəndir Lütsern. Məncə, ona gözəlliyi həm də Lütsern gölünün sahilndə yerləşməsi verir.
Alplardan Pilatus dağının ətəklərinə doğru irəliləyirik. Ağlım isə edelveys çiçəyində qalıb – nə görə bildik, nə də toxuna (dərmək yasaqdır). Ancaq edelveys deyəndə ağlıma istər-istəməz Hitlerin elit “Edelveys” dağ atıcıları diviziyası gəlir. Hitler dünya üzərində qurmağı xəyal etdiyi hakimiyyət üçün mistik dayanaqlar axtarır, ona fövqəlbəşəri keyfiyyətlər verəcəyinə inandığı mistik yerləri araşdırırdı. Bu yerlərdən biri Şambala idi ki, bunun Qafqazda – Elbrus dağında olduğuna inanırdı…
İsveçrənin gözqamaşdırıcı peyzajında irəliləyərkən tələbəlik illərində SS-in “Edelveys” diviziyasının macəraları ilə Şambala haqqında oxuğuğum yazı və materiallar haqda düşündüm…
Mark Tvenin “Dünyanın ən kədərli və ən təsirli abidəsi” adlandırdığı heykəli axtarırıq. 1821-ci ildə qayaya həkk edilərək yapılan bu əsər "Ölən Aslan" heykəli adlanır. Aslan fransız inqilabı zamanı Fransa kralının həyatını müdafiə edərkən həlak olmuş İsveçrə Qvardiyasının 700 əsgərinin şərəfinə yonulub. 9 metr uzunluğundakı aslan böyründən oxla vurularaq yaralanır və pəncəsini Fransa kralının simvolu olan zanbaqlı qalxanın üstünə qoyaraq ölür.
Həqiqətən də olduqca təsirli abidədir. Burada “İsveçrəlilər Avropanın çeçenləridir” ifadəsinin nə üçün söyləndiyini anlayırsan. İsveçrə Qvardiyası dünyanın ən qədim və ən az saylı ordularından biridir. Əsgərlərin sayı tarixdə heç vaxt yüz nəfəri keçməyib. 500 ildən çoxdur ki, Vatikanı, Müqəddəs Taxt-tacı isveçrəlilər mühafizə edirlər. İtalyan zadəganından tutmuş fransız kralına qədər müxtəlif insanlar İsveçrə Qvardiyasının xidmətinə müraciət edir. İsveçrəli muzdlular peşəkar, amansız, cəsur, qansız, ifrat dərəcədə sədaqətlidirlər.
Doğrusu, heykələ baxanda isveçrəli qvardiyaçılarla çeçenlər arasında bağ qurmağa bir az çətinlik çəkdim. Və düşündüm ki, bu bağı da avropalıların qurması imkansızdır, olsa-olsa bunu elə çeçenlərin özləri uydurublar…
Lütsern 19-cu əsrdə Avropanın ən populyar turizm mərkəzi idi. Günümüzdə də bu şəhər öz turustik cazibəsini qoruyub saxlamaqdadır. Lütserndə gəzmək asandır, məsafələr qısa, görüləcək hər yer bir-birinə yaxındır. Mərkəzdəki d/y vağzalının tarixi binasının qarşısından məşhur “Seebrücke” körpüsünün sehirli mənzərisini seyr edirik. Körpü Lütsern gölü ilə Reuss çayını bir-birindən ayırır. Gölün üzərində bir neçə piyada körpüsü var, ancaq görüləcək ən önəmli körpü taxtadan yapılmış qədim “Spreuerbrücke” körpüsüdür.
Gölün sahili ilə piyada 10 dəqiqəlik məsafədə Nəqliyyat Muzeyi yerləşir ki, təəssüf ki, biz onu gəzməyə vaxt ayıra bilmədik. Hava qaralmadan Bazelə doğru yol alıb axşama Fransa sərhəddini keçməli idik…
Rəvayətə görə qədim zamanlarda göl sahilindəki kəndin sakinləri bir gün qaranlıq səmada əlində fənər gəzən bir mələk görürlər. Kəndlilər mələyin işıqlandırdığı yolla gedərək onun dayandığı yerdə “Luseriya”, yəni “İşıq şəhəri” adı verdikləri bir monastır tikirlər. Zamanla monastırın ətrafında indiki şəhər inşa edilir…
İşıq şəhərindən gözəl təəssüratlarla ayrılırıq…
(davamı var)
visiontv.az