EN

İcraçı direktor: TƏBİB-in tabeli tibb müəssisələrində 93 mindən çox işçi çalışır

Bakı, 23 dekabr, AZƏRTAC

Hazırda TƏBİB-in nəzdindəki 91 publik hüquqi şəxsin 2701 tabeli müəssisəsi var. Bu müəssisələrdə 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.

O bildirib ki, TƏBİB aparatında 315 nəfər fəaliyyət göstərir: “2024-cü il ərzində də peşəkar kadrların TƏBİB ailəsinin sıralarına qoşulması üçün işlər aparılıb. 2024-cü il ərzində tabeli tibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1245 müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79 namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbul olunub. İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrə müsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan 494 nəfərə müsbət rəy verilib. TƏBİB aparatında çalışmaq üçün isə 306 namizəd müsahibə mərhələsinə cəlb olunub. Onlardan 69 əməkdaş işə qəbul olunub”.

V.Qurbanov əlavə edib ki, il ərzində “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin yuxarı kurs tələbələrinin TƏBİB-in tabeli tibb müəssisələrində orta tibb heyəti kimi işə qəbulu” layihəsi də keçirilib: “100 tələbə imtahandan uğurla keçərək təlimlərə cəlb olunub. “TƏBİB könüllüləri” layihəsi çərçivəsində isə tabeli müəssisələrdə ümumi könüllülük fəaliyyətinə 150-dən çox tələbə cəlb olunub”.

 

Chosen
1
8
azertag.az

10Sources