EN

Nərmin Mirzəyeva: Azərbaycan təcrübəsi digər ölkələrin diqqət mərkəzindədir

Azərbaycanın əmək münasibətlərinin elektronlaşdırılması sahəsində atdığı addımlar və əldə etdiyi nailiyyətlər bir çox ölkələrin diqqət mərkəzindədir, və artıq bu sahədə ölkənin təcrübəsini öyrənmək istəyənlərin sayı artmaqdadır.

“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib

Onun sözlərinə görə, ölkədə əmək münasibətləri sahəsində həyata keçirilən ən mühüm addımlardan biri bu il reallaşıb.

“Avqust ayında qüvvəyə minən qanunvericiliyə əsasən, əmək münasibətləri demək olar ki, tamamilə elektronlaşdırılıb. Artıq işçi və işəgötürən arasında əmək müqavilələri elektron qaydada bağlanılır. Həmçinin işəgötürən müqaviləyə xitam verdikdə və bununla bağlı lazımi xəbərdarlıq tədbirlərini həyata keçirərkən bütün prosesləri mütləq qaydada elektron sistem üzərindən etməlidir və işçini əvvəlcədən məlumatlandırmalıdır. Əmək münasibətləri ilə bağlı əmirlər və arayışlar da elektron kabinetlər vasitəsilə icra olunur. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasındakı münasibətlər də bu elektron kabinetlər vasitəsilə idarə edilir”, - N. Mirzəyeva əlavə edib.

Xidmətin rəis müavini qeyd edib ki, müxtəlif dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası nəticəsində işə qəbul, məşğulluq imkanlarının təmin edilməsi və əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb: "Belə ki, artıq məhkumluqla bağlı arayışlar işəgötürən tərəfindən inteqrasiya olunmuş elektron sistem vasitəsilə əldə edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır.

Bu yeniliklər yalnız iş proseslərini sürətləndirmir, həm də kağız sərfiyyatını azaltmaqla ekoloji mühitin qorunmasına mühüm töhfə verir”.

Chosen
11
ikisahil.az

1Sources