Çinin Harbin şəhərində buz və qardan hazırlanmış dünyanın ən böyük əyləncə parkı - 26-cı Böyük Buz və Qar Dünyası parkı açılıb.
Hafta.az-ın "Sinxua"ya istinadən yazdığına görə, unikal park obyektlərinin tikintisi üçün 300 min kubmetr qar və buzdan istifadə olunub. Bu il kompleksin dizaynı Harbində keçiriləcək 2025-ci il Asiya Qış Oyunlarından ilhamlanıb. Parkın ərazisi festivalın bütün tarixində rekord həddə - 1 milyon kvadratmetrə çatıb ki, bu da ötən illə müqayisədə 200 min kvadratmetr çoxdur.
Parkda 42 ölkənin və Asiya Olimpiya Şurasının üzvü olan 3 regionun simvolik abidələrinin yenidən qurulduğu doqquz tematik zona var. Bütün kompozisiyalar axşam baxmaq üçün təsiredici işıqlandırma ilə təchiz edilib. Parkın mərkəzində Asiya Olimpiya Şurasının emblemini simvolizə edən buz sütunları olan əsas qüllə dayanır.
Təşkilatçılar məşhur xizək sahəsini genişləndirərək, buz sürüşmə zolaqlarının sayını 24-ə çatdırıb və parka panoramik mənzərəsi olan 300 metrlik qızdırılan gözləmə zonası yaradıblar. Ənənəvi qar və buz attraksionlarına əlavə olaraq, ziyarətçilər fantastik şoulardan, əyləncə və immersiv rəqəmsal muzeydən həzz ala bilərlər.
“Böyük buz və qar dünyası” Çində qış turizminin əsas cazibədar yerlərindən biridir. Keçən mövsüm park Çin sosial mediasında böyük populyarlıq qazandı və 2,7 milyondan çox ziyarətçi qəbul etdi.
2025-ci il fevralın 7-də Harbində 9-cu Asiya Qış Oyunlarının açılışı olacaq. Bu, 2022-ci ildə keçirilən Pekin Olimpiadasından sonra Çində ilk böyük beynəlxalq qış idman tədbiri olacaq.