EN

Azərbaycanın üzvlüyü D-8 təşkilatına nə qazandıracaq? - AÇIQLAMA

Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, bu, istər Azərbaycan, istərsə də təşkilatın özü üçün mühüm tarixi səciyyə daşıyır:

 

“D-8 təşkilatının əsası 1996-cı ildə Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın iştirakı ilə qurulan təşkilat 1997-ci ildə dövlət və hökumət başçılarının zirvə görüşündə rəsmən elan edilib. Təşkilatın katibliyi İstanbul şəhərində yerləşir və 2020-2030 illər üçün qəbul edilmiş “Yol xəritəsi” çərçivəsində fəaliyyətini davam etdirir. D-8 həmçinin “İslam Səkkizliyi” olaraq tanınır və 1997-ci ildən bəri beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində vacib bir platformadır. Təşkilata üzv olan ölkələr üç qitəni əhatə edir və ümumi daxili məhsulları 4 trilyon ABŞ dollarını keçir. Üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dolları aşır, əhalisinin sayı isə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Azərbaycanın təşkilata üzv qəbul edilməsi böyük uğurudur və bu bir çox məsələdə ölkəmizin mövqeyini gücləndirəcək”.

 

Ekspert bildirdi ki, D8-ə üzv olmaqla rəsmi Bakı İslam dünyasındakı rolunu daha da artıracaq:

 

“Azərbaycan İslam ölkələrindəki humanitar böhranlara sakit qalmır. Suriyada Türkiyə ilə bərabər humanitar böhranın həlli üçün əlindən gələni etməyə hazır olduğunu bəyan edən rəsmi Bakı eyni zamanda Fələstinə də yenidən külli miqdarda yardım ayırıb. İkinci vacib məsələ, ölkəmizin qlobal oyunçu kimi meydana daxil olması və İslam dünyasının əsas söz sahiblərindən birinə çevrilməsidir. Azərbaycan artıq Yaxın Şərqdə Türkiyə ilə bərabər aktiv oyunçulardan biridir. Ölkəmiz İslam dünyasında baş verən proseslərə biganə deyil. Bu, Azərbaycanın beynəlxalq imici baxımından olduqca əhəmiyyətlidir. Üçüncü məsələ isə ölkəmizin iqtisadi potensialının gücləndirilməsidir. D8 ölkələrinin böyük iqtisadi potensialı və aralarında yüksək ticarət dövriyyəsi var. Bu isə yüksək dərəcədə sərmayə axını deməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və həmin bölgəyə yeni investisiyaların cəlbi baxımından olduqca müsbət addım kimi xarakterizə edilə bilər”.

 

Z.Əmrəliyev qeyd etdi ki, Azərbaycan hökuməti hazırda həmin bölgələrə investisiyalar cəlb etmək üçün genişmiqyaslı iş aparır:

 

“Qarabağ və Şərqi Zəngəzurun bərpasında D8 ölkələri də fəal şəkildə iştirak edə bilərlər. Təşkilat üçün Azərbaycan kimi bir ölkənin üzvlüyü əsas iki faktora görə önəmlidir. Birincisi, bununla D8 Cənubi Qafqaz kimi mühüm regiona daxil oldu. Azərbaycan Şərqlə Qərbi birləşdirən yolun üzərində yerləşir – bu da tranzit əlaqələrin qurulması baxımından böyük rahatlıq deməkdir. İkinci vacib məsələ isə ölkəmizin İslam dünyası ilə Türk dünyasını birləşdirən körpü rolunu oynamasıdır. Azərbaycanın üzvlüyü ilə D8 həm də Mərkəzi Asiyanın türk-müsəlman ölkələri ilə də geniş əlaqə imkanları qazanır. Bu təşkilatın daha da möhkəmlənməsi və iqtisadi potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir. D-8 təşkilatına üzvlük ölkəmizin diplomatik və iqtisadi uğurlarının yeni halqasını təşkil edir”.

 

Günay 

Chosen
6
sfera.az

1Sources