Qarabağın və Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə sonuclanan mübarizəmiz yalnız hərbi Zəfər deyil, həm də milli iradənin, beynəlxalq hüququn və diplomatiyanın zirvədə dayandığı möhtəşəm hadisə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, strateq zəkası ilə yürüdülən bu unikal mübarizə, Azərbaycanın həm bölgəsəl, həm də qlobal siyasətdə güclənən mövqeyini nümayiş etdirdi.
Gəlin
Azərbaycan Respublikasının müharibə öncəsi, müharibənin gedişi və postmüharibə dönəmində həyata keçirdiyi tədbirləri, beynəlxalq səviyyədə qazandığı uğurları, beləliklə, tarixi Zəfərin ölkəmizin gələcəyinə təsirlərini yığcam şəkildə təhlil edək.
Qarabağın qurtuluşu:
Qətiyyətli liderlik və milli iradə
44 günlük müharibə təkcə hərb meydabında deyil, həmçinin informasiya və diplomatiya meydanında böyük qələbələrlə yadda qaldı. Müharibədən öncə Azərbaycanın uzun illər davam edən diplomatik səyləri ölkənin haqq işinin beynəlxalq arenada geniş dəstəklənməsinə zəmin yaratdı.
Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli birliyə əsaslanan strategiyası və beynəlxalq ictimaiyyətə ünvanlanan aydın ismarıcları Azərbaycanın uğradığı haqsızlıq qarşısındakı haqlı qələbəsini təmin etdi.
• Dəmir Yumruq:
Hərbi əməliyyatların məqsədyönlülüyü, d ooğru-dürüst planlaşdırılması, sürətli icrası və maksimum təsirlərlə sonuclanması bu strategiyanın əsas elementlərindən idi. Ordumuzun həyata keçirdiyi əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu, əcdadın hərb gələnəyinin çağdaş texnologiyalarla üzvi birliyinin təntənəsi oldu. Dədə-babalarımızın ruhunu şad edən Zəfər, gələcək nəsillərin ilham qaynağı oldu. Bugünümüzə, bizlərə təsiri isə… tanıq olduğumuz, sürəcin içində olduğumuz üçün bir başqadır. - Zəfərin keçmişə xitabı, bugünə təsirləri, gələcəyə yol xəritəsi çəkməsi - hamısı, hamısı gözəllikdir, canlı irsdir, üfüqə qanaddır, üfüqötəsidir!..
• Zəfər diplomatiyası:
Prezident İlham Əliyevin beynəlxalq media vasitəsilə gerçəkləri səlis şəkildə çatdırması, Ermənistanın yalan-yaman təbliğatını darmadağın etdi. BBC, CNN, “Əl Cəzirə” kimi neçə-neçə aparıcı beynəlxalq platformada Azərbaycan liderinin sərrast, dərin məntiqli çıxışları xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı. Dünya erməniliyinin milyonlar xərcləyərək apardığı uzumüddətli anti-Azərbaycan, anti-Türk, anti-İslam təbliğatları (cəfəngiyyatları!) puç oldu.
• Milli iradə və birlik:
Azərbaycanın hər bir vətəndaşı bu mübarizədə birləşdi. Müharibə vaxtı ölkədəki siyasi partiyalar, müxtəlif ictimai qurumlar və diaspor təşkilatlarının vahid mövqe sərgiləməsi milli həmrəyliyin parlaq örnəyi idi. Birlik, həmrəylik bizə çox yaraşır! Dövlət başçımız Şuşada, Xankəndidə, Xocalıda tonqal qalayanda Dədəm Qoqud tonqal öyüdü yadımıza düşdü…
Bir tonqal - eli-obanı şənliyə, toya çağırışdı;
İki tonqal - eli-obanı düşmənlə mübarizəyə, savaşa səsləyişdi;
Üç tonqal isə bütün el-oba birliyə toplamaq üçündür. Bəli, üç tonqaldan keçən ulusumuz indi əkinə-biçinə, qurub-yaratmağa, eləcə də, toya-düyünə çağrılır və dövlətimizin çağırışı parlaq xəlqi cavablarını bulur.
Postmüharibə dönəmi:
Diplomatiya və inkişaf strategiyası
44 günlük müharibə təkcə hərbi Zəfərlə məhdudlaşmadı. Müharibədən sonrakı dönəmdə Azərbaycanın rəhbərliyi ilə bölgədə yeni gerçəkliklər yaradıldı. Bu gerçəkliklər bölgəsəl işbirliyi və inkişaf üçün yeni imkanlar açdı. 44 gün təqvim müddəti olaraq 10 noyabrda bitdi amma bitmədi… O günlərin Zəfər energetikası öz dəyərini, dalğasını və şüasını nümayiş etdirdi: antiterror tədbirləri, Qazaxın 4 kəndinin qurtuluşu öz bayrağımızı daha yeni - əzəli-əbədi şəhər, kəndlərimizə daşıdı!..
Böyük Qayıdış Proqramı:
Qarabağın, Gündoğar Zəngəzurun yenidən dirçəlişi
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı yenidənqurma işlərinə başladı. Dərhal, özü də yüksək sürət və keyfiyyətlə işə başlamaq siyasi iradədən başqa iqtisadi imkanlar, maliyyə təminatı olmadan mümkün deyildi. Dövlətimiz bunu öz iç imkanları, qaynaqları hesabına yerinə yetirdi (yetirir). “Böyük Qayıdış” adı ilə yürüdülən layihələr Qarabağ və Gündoğar Zəngəzuru yüksək iqtisadi potensiala malik bölgələrə çevirmək məqsədi daşıyır:
• Yaşıl Enerji Zonası:
Qarabağda, Gündoğar Zəngəzurda bərpaolunan enerji layihələri artıq beynəlxalq tərəfdaşların da diqqət mərkəzindədir.
• Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanları
işğaldan qurtulmuş bölgələrimizi ölkə və qlobal nəqliyyat şəbəkəsinə birləşdirən yeni qapılardır.
• Ağıllı kəndlər və şəhərlər:
Zəngilan, Füzuli, Ağdam və b. ərazilərdə qurulan “ağıllı” infrastruktur çağdaş texnologiyaların tətbiqini təmin edərək, bölgəyə yeni texnofəsil gətirir…
Qoşulmama Hərəkatı və BMT ilə tərəfdaşlıq
Azərbaycanın beynəlxalq nüfuzu müharibədən sonra daha da artdı. Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, pandemiya dönəmində beynəlxalq həmrəyliyi təşviq edən təşəbbüsləri və sülhməramlı missiyaları Azərbaycanın qlobal siyasətdə əsas oyunçuya çevrildiyini bir daha təsdiq edir.
Əlbəttə, buraya digər beynəlxalq platformalar da daxildir. Daha bu günlərdə D-8-ə tamhüquqlu üzv olduq. Türk Dövlətləri Təşkilatı isə evimiz, ailəmiz, ocağımızdır!
Qarabağın strateji perspektivləri
Azərbaycan Qarabağ və Gündoğar Zəngəzuru bölgəsəl, habelə beynəlxalq iqtisadi, mədəni və strateji mərkəzə çevirmək niyyətindədir. Bu hədəflər həm ölkədaxili sabitlik, həm də beynəlxalq miqyasda yeni işbirliyi imkanları üçün əsas yaradır.
• Zəngəzur dəhlizi:
Gündoğardan Günbatara uzanan nəqliyyat marşrutunda yeni bir strateji bağlantı olaraq çıxış edir. Bu dəhliz təkcə iqtisadi fayda gətirməyəcək, həm də bölgədə siyasi sabitliyə töhfə verəcəkdir.
• Mədəni dirçəliş:
Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı olmasının rəsmiləşməsi, qanun qüvvəsi qazanması, Qarabağda beynəlxalq festivalların keçirilməsi və milli irsin bərpası Azərbaycanın zəngin mədəniyyətini dünya səhnəsinə çıxarır.
Beləliklə,
diplomatik uğurlardan qlobal perspektivlər hasil oldu…
Qarabağın və Gündoğar Zəngəzurun qurtuluşu ölkəmizin beynəlxalq sistemdəki gücünü və təsirini artırdı. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bu uğurları gələcək strateji başarılar üçün möhkəm bir baza kimi dövriyyəyə daxil etməkdədir…
Bir vaxtlar (uzun illər!) gözümüz, qulağımız beynəlxalq ictimai fikirdə, ATƏT-in bekara Minsk qrupu həmsədrlərinin 2X3=6 dodağının arasından çıxacaq sözdə, onların üzündəki saxta təbəssümdə qalmışdı… Artıq Qarabağ, Gündoğar Zəngəzur özü beynəlxalq tədbirlərə evyiyəliyi edir, haqq-ədalətə güvənin ocağına çevrilir…
Şəhidlər ölmədi,
Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI