ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə atəşkəs və Rusiya ordusunun işğal etdiyi ərazilərdən imtina barədə düşünməyə başlamaq üçün mesaj göndərdib. Bu barədə “El Pais” nəşri məlumat yayıb. Donald Tramp bildirib ki, torpağınızı geri almaq istədiyinizi söyləmək yaxşıdır, amma şəhərlər əsasən dağılıb. Bu şəhərlərin bəzilərinə baxırsan, yaxşı vəziyyətdə olan bir dənə də olsun bina qalmayıb. Siz isə ölkəni bərpa etməkdən danışırsız. Nəyi bərpa etmək? Bu, 110 illik yenidənqurmadır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Donald Trampın sözügedən çıxışı Ukrayna tərəfini sülhə məcbur etmək üçün təzyiq göstərməkdəm ibarətdir:
“Yəni Donald Tramp demək istəyir ki, bizim dediklərimizlə hərəkət edin və prosesi necə şəkilləndirsən həmin formada planları həyata keçirin. Eyni zamanda bildirir ki, onların tələblərindən kənara çıxsalar, Ukraynanın ərazi suverenliyi məsələsinə də başqa cür yanaşa bilərlər. Donald Trampın dağılmış şəhərlərdən imtina mesajının altında başqa sirlər yatır. Vladimir Zelenski israrla Ukraynanın ərazi suverenliyinin tam bərpa ediləcəyi bir atəşkəsdən yana olduğunu dəfələrlə söyləyib. Donald Tramp və onun kamandası əvvəlcə müharibənin bitməsinin daha sonra masa arxasında mövcud problemlərin müzakirə edilməsinin tərəfdarıdır. Amerika tərəfi Ukraynanın işğal olunan bütün ərazilərindən imtina etməsini dəstəkləmir. Bu fikir ayrılığı fonunda Donald Tramp Ukraynaya onların tələbləri fonunda siyasətlərini aparmağı söyləyir. Amma bundan sonra Ukraynanın hansı qərarları verəcəyini zaman göstərəcək. Zelenski yaxşı anlayır ki, Donald Tramp nə qədər Amerika prezidenti olsa da, öz maraqları çərçivəsində dövlət maraqlarından kənara çıxa bilməz. Amerikanın maraqları isə dünya hegemonluğunu Rusiya və Çinə uduzmamaqdan ibarətdir. Əgər Amerika Ukraynanı birmənalı şəkildə savaş meydanında tək qoysa, bir növ Rusiyaya uduzmuş vəziyyətə düşəcək. Ona görə də Donald Trampın bütün şantajlarından kənar qaça bilir və öz addımlarını davam etdirir”.