Görünür, KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşunlar, eləcə də hərbi texnika və kamikadze dronları göndərməyə hazırlaşır.
Herbiand.az bildirir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən xəbər verir.
Agentlik Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatından sitat gətirib: “Bir çox kəşfiyyat hesabatlarının hərtərəfli qiymətləndirilməsi Şimali Koreyanın (Rusiyaya) qoşunlarını rotasiya etməyə və ya sayını artırmağa hazırlaşdığını göstərir”.
Cənubi Koreya kəşfiyyatı əvvəllər müharibədə Şimali Koreya ordusunun itkilərini təqribən 1100 nəfər olaraq təxmin edirdi. Bu rəqəm həm ölən əsgərləri (100), həm də yaralıları əhatə edir.
“Həmçinin, Şimalın kamikadze pilotsuz uçan aparatların istehsalına və tədarükünə keçdiyinə dair bəzi əlamətlər də var ki, bu barədə ilk dəfə noyabr ayında Kim Çen Inın təftişi zamanı məlum olmuşdu”, - Komitə əlavə edib.
“Yonhap” yazır ki, Şimali Koreya mediası Kim Çen Inın noyabr ayında müxtəlif tipli dronların sınaqlarını müşahidə etdiyini və onların genişmiqyaslı istehsalına çağırdığını bildirib.
Bəxtiyar CƏFƏRLİ