EN

D-8 üzvləri arasında ticarət dövriyyəsi 100 milyard dollardır - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“D-8-ə üzvlük münasibətlərimizin daha da inkişaf etməsinə və güclənməsinə böyük töhfə verəcək”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına - D-8-ə üzv olmasının əhəmiyyəti ilə bağlı şərhində bildirib.

Politoloq qeyd edib ki, D-8 dünya ölkələri içərisində böyük iqtisadi potensiala malik təşkilat kimi xarakterizə olunur.

“Türkiyənin təşəbbüsü ilə yaradılan D-8 təşkilatı özündə 8 müsəlman ölkəsini birləşdirir. D-8 üzv ölkələrində 1.2 milyarda yaxın insan yaşayır və bu ölkələrin iqtisadiyyatının həcmi 4 trilyon dollara yaxındır. Təşkilatın məqsədi üzv ölkələr arasında ticarət həcminin artırılması, sənaye və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən iqtisadi cəhətdən davamlı inkişafın təşviqidir”.

R.Bayramov D-8-in özünün fəaliyyətində mühüm uğurlar əldə etdiyini deyib. O, bildirib ki, təşkilat yarandığı ildə üzv ölkələr arasında daxili ticarət dövriyyəsi 15 milyard idisə, hazırda bu rəqəm 100 milyarddır.

“Hədəflər artır. Növbəti 2030-cu ilin hədəfi ölkələr arasında ticari dövriyyənin həcminin bir neçə dəfə artırılmasını ehtiva edir”.

R.Bayramov Azərbaycanın D-8-ə üzvlüklə bağlı uzun müddət əvvəl müraciət etdiyini qeyd edib və 2017-ci ildə Prezident İlham Əliyevin təşkilatın zirvə sammitinə xüsusi qonaq qismində dəvət edildiyini xatırladıb.

“Ölkəmizin D-8 ölkələri ilə ikitərəfli və  beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətləri mövcuddur. Bu quruma üzvlük mövcud münasibətlərimizin daha da inkişaf etməsinə və güclənməsinə böyük töhfə verəcək. Təbii ki, ölkəmiz təşkilatın potensialından həm də qarşılıqlı əməkdaşlıq üçün səmərəli şəkildə istifadə edə biləcək. O cümlədən, D-8 ölkələri Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsindən, iqtisadi-ticari əməkdaşlıq baxımından daha yaxşı yararlanmaq imkanı əldə edəcəklər.

Ölkəmiz regionun təbi qaz tədarükçülərindən biridir. D-8-ə inteqrasiya iştirakçı ölkələrin eneji təhlükəsizliyini gücləndirmək baxımından da əhəmiyyətlidir. Ölkəmizin aqrar sektorda əldə olunan nailiyyətləri - pambıq, tərəvəz, meyvə və digər məhsulların ixracı üçün də yeni bazar əldə etmiş olacaq. D-8-ə üzvlük həm də ölkəmizin siyasi əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Yəni, söhbət təkcə iqtisadi münasibətlərdən deyil, islam dünyasının aparıcı ölkələri ilə bir sırada təmsil olunmaq, həmin ölkələrlə siyasi münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb ola biər. Bu ayrı-ayrı beynəlxalq təşkilatlarda olan üzv ölkələrin öz fəaliyyətini koordinasiya etməsinə və islam dünyasının maraqlarını daha yaxşı müdafiə etməsi baxımından da olduqca əhəmiyyətlidir”.

Chosen
6
hafta.az

1Sources