EN

Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi

İsrail, Malayziya və Norveç kimi ölkələrin ortaq cəhətləri nədir? İlk baxışdan bu üç ölkəni birləşdirən hər hansı  ortaq nəsnə görünmür. Çünki söhbət fərqli coğrafiyalardan, fərqli dinlərdən və fərqli xalqlardan gedir. Ancaq adıçəkilən ölkələrdə ümumi cəhət qadınların da kişilərlə bərabər hərbi xidmətə çağırılmasıdır.

Liberal və hərbi dövlət

Skandinaviya ölkəsi olan Norveç təkcə sözdə deyil, əməldə də gender bərabərliyini yaştmaqdadır.

Ölkə qanunvericiliyinə görə 19 – 44 yaş arasında olan  qadın vətəndaşlar 7 aydan 19 aya qədər müddətdə həqiqi hərbi xidmət keçməyə məcburdurlar.

Norveç dünyanın ən liberal ölkələrindəndir. Lakin liberal görünüşünə baxmayaraq, bu ölkə hərbi-müdafiə xərclərinə görə ABŞ-dan sonra ikinci yerdə dayanır. ABŞ hərbi ehtiyaclar üçün hər il adambaşına 850 dollar xərcləyirsə, Norveç hər bir insan üçün müdafiəyə 455 dollar xərcləyir.

Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi

Ölkənin müdafiə-təhlükəsizlik sisteminə xüsusi diqqət verildiyindən burada maaşlar da digər sahələrə nisbətən yüksəkdir. Hərbi qulluqçular Norveç standartlarına görə yaxşı məvacib alır, eyni zamanda onların geyimləri və ərzaq təminatı dövlət tərəfindən qarşılanır.

Heyrətamiz gender bərabərliyi

Norveçli hərbi ekspertlər hesab edirlər ki, müasir əsgərin əsas üstünlüyü fiziki güclə ölçülmür. İndi ciddi intellektual inkişaf tələb edən elektron texnologiyalar dövrüdür, kompüter sistemlərini idarə etmək idmandan daha vacibdir. Bu məsələdə zərif cinsin nümayəndələri kişilərdən heç də geri qalmırlar. Ona görə həm kişilər, həm də qadınlar cinsi ayrı-seçkiliyə məruz qalmadan orduda bərabər şərtlər əsasında xidmət edirlər.

Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi

Norveçin müdafiə naziri Anna-Qreta Ström-Eriksen deyib:

“Biz qadınlar üçün hərbi xidmətə çağırışı daha çox əsgərə ehtiyacımız olduğu üçün deyil, cinsindən asılı olmayaraq ən yaxşı əsgərə ehtiyacımız olduğu üçün tətbiq edirik”.

Araşdırmalara görə həqiqətən də Norveç ordusunda cinsi bərabərlik səviyyəsi sadəcə heyrətamizdir. Qadınlar güclü cinsin nümayəndələri ilə demək olar, eyni vəzifələri yerinə yetirirlər. Bu bərabər mühit onlara bərabər maaş almaq və orduda istənilən vəzifəni tutmaq hüququ verir. Döyüş hazırlığı üçün hərbi təlimlərdə də  cinsindən asılı olmayaraq hər bir əsgər iştirak edir. Təlimlər ilboyu, istənilən hava şəraitində, birgə həyata keçirilir.
Norveçdə sosial bərabərlik də gender bərabərliyi qədər vacib nüansdır. Belə ki, xanım şahzadə Aleksandra İnqrid də bu normalara uyğun olaraq 2019-cu ildə həqiqi hərbi xidmət keçmişdir.
Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi
Birgəyaşayış və qeyri-rəsmi münasibətlər

Kişi və qadın əsgərlər eyni kazarmada yaşayırlar. Onların çarpayıları da yanaşıdır. Hamam, tualet isə hər cinsin nümayəndələri üçün ayrıdır.

Kazarmadakı hər otaq ikisi qadın, dördü kişi olmaq şərtilə, ümumilikdə altı nəfər üçün nəzərdə tutulub. Hərbçilərin söylədiyinə görə eyni kazarmanı bölüşmək ilk vaxtlarda onlara müəyyən narahatlıq gətirsə də sonradan hamı birgəyaşayışa öyrəşir. Gənc qadınlar hərbi qulluğun ilk günlərində kişi həmkarları tərəfindən narahat ediləcəklərini düşünsələr də sərt nizam-intizam, hər iki tərəfə qoyulan məhdudiyyətlər onları güvənli edir.

Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi

Əlbəttə, birgəyaşayış halında qadın və kişi əsgərlər arasında sevgi münasibətlərinin yaranması da tamamilə təbii haldır. Lakin müəyyən edilib ki, orduda bu cür qeyri-rəsmi münasibətlərə digər sahələrdə çalışan kollektivlərlə müqayisədə heç də çox rast gəlinmir.

İki əsgər arasında intim münasibət yaranıbsa, onlar bunu bəlli etməməyə çalışmalıdır. Əgər rəhbərlik bu əlaqədən xəbər tutarsa, hər iki qulluqçu öz işindən qovulur.

Lent.az 

Chosen
20
1
medianews.az

2Sources