EN

Azərbaycanın ixracı azalıb, idxal artıb- nə qədər itirmişik?..

Image

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 771,69 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 faiz azalıb, idxal isə 18,7 faiz artıb.

Görəsən, xarici ticarət dövriyyəsinin azalmasının səbəbləri nədir?

Akif Nəsirli: “Ölkə daxilində istehsal getdikcə zəifləyir, belə olanda ixrac da azalır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, ölkə daxilində istehsal getdikcə zəifləyir, belə olanda ixrac da azalır: "Ölkə daxilində istehsalın zəifləməsinin bir sıra səbəbləri var. Bu səbəblərdən biri ölkədə inhisarçılığın baş alıb getməsi, sahibkarların qarşısında ciddi maneələrin olması və vergi yükünün artmasıdır. Bu kimi səbəblər ölkə daxilində xarici ticarət dövriyyəsinə təsir edir. Bakı şəhərində obyektlərin əksəriyyəti icarəyə verilir. Bu tip obyektlərin sayının artması iqtisadi vəziyyətin xoş olmamasından xəbər verir. Yeni fəaliyyətə başlayan obyektdən ilk öncə kassa aparatı tələb olunur. Kassa aparatı isə 500 manatdır. Çoxlu sayda funksiyanı yerinə yetirən 300-400 manatlıq smartfon tələb olunur, əlavə vergi ödənişi və s. ilk addım atanlar üçün sərfəli deyil. İqtisadiyyatı, sahibkarlığın zəiflədən əsas vergi yüküdür. Buna diqqət edilməlidir".

Kamran Məmmədli: “Neftin qiymətinin aşağı düşməsi, neftin ixracı rəqəmlərinin aşağı düşməsi, eyni zamanda da qazın qiymətinin aşağı düşməsi ümumi ixracın aşağı düşməsinə təsir göstərib”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ticarət dövriyyəmizi aşağı salan əsas səbəb ixracatın azalmasıdır: “Neft qiymətləri keçən illə müqayisədə 25 faizə qədər aşağı düşüb. Neft qiymətlərinin də aşağı düşməsi ixracatımızın aşağı düşməsinə gətirib çıxarır. Qazın da qiymətlərində keçən illə müqayisədə kəskin eniş müşahidə olunub. Neftin qiymətinin aşağı düşməsi, neftin ixracı rəqəmlərinin aşağı düşməsi, eyni zamanda da qazın qiymətinin aşağı düşməsi ümumi ixracın aşağı düşməsinə təsir göstərib. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.

Günel CƏLİLOVA





Chosen
10
baki-xeber.com

1Sources