EN

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Image

Bəhruz Quliyev: “Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq platformalarda öz sözünü deyir və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmasında önəmli rol oynayır”

Azərbaycan dövlətinin xarici siyasət və diplomatiya sahəsində əldə etdiyi böyük uğurlar, müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa malik olması, əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi reallıqdır. Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı uğurlar onu dünyanın nüfuzlu lideri kimi xarakterizə etməklə, beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. 

Azərbaycan Prezidenti çoxsaylı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradaraq Azərbaycanın mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Xəzər dənizindən Avropaya enerji tədarükü üzrə layihələr, o cümlədən TANAP və TAP boru kəmərləri bu siyasətin uğurlu nəticələridir.

Prezident İlham Əliyevin daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Onun rəhbərliyi ilə ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Hər il olduğu kimi, cari ilin ötən dövründə də Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulub və bu proses hazırda uğurla davam etdirilir.

“2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib”

Azərbaycanın beynəlxalq uğurları və İlham Əliyevin təşkilatçılıq rolu barədə danışan “SƏS” qəzetinin baş redaktoru, Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev”Bakı-Xəbər”ə şərhində “Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunmasını şərtləndirən amillər yetərincədir. Onun xalqımız qarşısındakı xidmətləri, sarsılmaz iradəsi, qətiyyəti və digər şəxsi keyfiyyətləri Azərbaycanın əldə etdiyi nailiyyətlərdə mühüm faktorlardır və bu, Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. İlham Əliyev beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yarada bilir, ölkəmizin maraq və mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. Hakimiyyətə gəldiyi ilk gündən bəri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib, Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib”. 

B.Quliyev bildirib ki, Prezident Əliyev qlobal problemlərin həlli üçün daim səmərəli təkliflərlə çıxış edir: “Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq platformalarda öz sözünü deyir və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmasında önəmli rol oynayır. Nəticə olaraq Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı rol oynadığı, "Bakı Prosesi" kimi qlobal təşəbbüslərə liderlik etdiyi ortaya çıxır. Əlbəttə, əldə edilən bütün uğurlarda Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri böyük rol oynayır. Dövlətimizin başçısı prinsipialdır, çevik qərar qəbul etmək bacarığı və gələcəyi dəqiq planlaşdırma məharəti var. Əzmkarlığa və yeniliklərə açıqdır və onun sadalanan şəxsi nümunələri ölkəmizin inkişaf yolunda daha böyük zirvələrə çatmasına imkan yaradır. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri hesab olunur. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət ölkəmizə çox böyük etimadın, yüksək inamın göstərilməsi ilə nəticələndi. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 ən irimiqyaslı tədbir olub. Bu tədbirin təşkili və keçirilməsi üçün cəmi 10 ay vaxt sərf edilsə də, bu müddət zaman baxımından rekord göstəricidir. Qısa müddətdə Bakı Olimpiya Stadionunun ərazisi COP29-un keçirilməsi üçün hazır vəziyyətə gətirildi. Azərbaycan Prezidentinin Liderlər Sammitinin açılış mərasimində çıxışı iştirakçılarda böyük maraq doğurdu. Tədbirin yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyır. Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. 2024-cü ildə də Azərbaycan balanslı xarici siyasətini uğurla davam etdirib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib”.

İradə SARIYEVA





Chosen
13
baki-xeber.com

1Sources