EN

Qazaxıstan Ələt Limanında terminal tikməyi planlaşdırır

Qazaxıstan 2025-ci ildə Azərbaycandakı Ələt Limanında yeni terminalın tikintisinə başlamayı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev parlamentdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Qazaxıstan Ələt Limanında, Moskva yaxınlığındakı Selyatino qəsəbəsində, Belarusun Svisloç stansiyasında və Daşkənddə terminal tikintisini də nəzərdən keçirir. Sözügedən obyektlərin tikintisinə 2025-ci ildə start veriləcək. Planlaşdırılan yeni terminalların ümumi gücü ildə 1,2 milyon konteyner təşkil edəcək.

"Gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların yaradılması nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi nəticəsində xarici terminalların gücü beş dəfə artacaq. Nəticədə, əsas yük axını formalaşdıran ölkələrdən yüklərin Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb edilməsi mümkün olacaq", – deyə nazir bildirib.

Nazir əlavə edib ki, hazırda Çinin Lianyungang limanında və Sian quru limanında Qazaxıstan-Çin terminalları fəaliyyət göstərir. Həmçinin, Gürcüstanın Poti limanında ildə 500 min konteyner emal gücünə malik, qazaxıstanlı sahibkara məxsus terminal fəaliyyət göstərir.

Bundan əlavə, Marat Karabayev parlamentdəki çıxışı zamanı qeyd edib ki, hazırda Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri fəaliyyət göstərir. Bu vəziyyətin səbəbi Qazaxıstan donanmasının çatışmazlığıdır.

Chosen
3
3
fins.az

4Sources