EN

Qədim-Antik dövr Türk bilgələri və ya filosofları

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutu
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

III Yazı

Qədim Türk miflərində, kitablarında da Türklərin dədəsinin, yəni ilk Türkün yaranışı ilə bağlı bigilər vardır. Bunlarda biri də, tarixi bizə bəlli olmayan “Ulu Xan Ata Bitiyi”dir ki (ən qədim variantı 6-cı əsrdə Sasanlar hökmdarı Ənşürivanın vəziriBozorg­mihr bin el-Baxtikan tərəfindən əski fars dilində qələmə alınmış, 9-cu əsrdə isə farscdan ərəbcəyə tərcümə olunmuşdur), bu bitikdə ilk Türkün, yəni türklərin atasının, Türk irqinə mənsub ilk kişinin və ilk qadının yaradılışından bəhs olunur.Prof. Necati Demir “Ulu Xan Ata Bitiyi”nin əsil mahiyyətini belə xülasə etmişdir: “Çok eski zamanlar­da bir gün aşırı bir şekilde yağan yağmur, Kara Dağ denilen bir yerde bulunan mağaraya bol miktardabalçık getirir.Balçık, mağara içinde insanabenzer kalıb olarak dolar.Su ile toprak bir sure bu kalıpta kalır. Güneş Saratan(yengeç) burcunda / yıldızında ve en yüksek nokta­sındadır. Yaz olduğundan hava sıcaktır. Mağaraya esen ruzigarın da etkisiyle dört ünsür birleşir ve dokkuz ay sonra toprak insan haline gelir ve Ulu Ay Ata haline gelir. İşte Ulu Han Ata Bitiği­ne göre Türk ırkının ilk kişisi budur. Kırk yıl sonra yeniden sel olur. Yine balçıklar mağaraya dolar. Bu defa güneş, Sünbüle (başak) burcunda / yıdızındadır. Sonra Ay-va / Ulu Ay Ana aynı şekilde yara­tılır. Ulu Ay Ata ile Ulu Ay Ana evlenirler. Çoçukları olur. Onlar da evlenirler. Böylece Türklük dünya üzerindeki yerini alır” (188a, s.53).

“Ulu Xan Ata Bitiyi”nə görə, uzun ömürlü, böyük dədə anlamına gələn Ulu Ay Ata Türklərin ilk dədəsidir. Kara Dağa aid böyük bir mağarada palçık, güneş, yel, kök suları və torpaq (yəni dörd ünsür) sayəsində insan halına düşən Ulu Ay Ata öz-özlüyündən ortaya çıxmışdır. İlk Türk, yəni Ulu Ay Ata Kara Dağa mağarada yaradıldığı üçün türklər buraya çox önəm vermiş, oranı ibadət yeri olaraq görmüş, qutsal yer kimi ucaltmışlar (188a, s.86-87).

Bu bitiyə görə farslar da türklər kimi Ulu Ay Atanı özlərinin ilk dədələri hesab edirlər. Sadəcə, farslarda Ulu Ay Atanın adı Keymurəs kimi keçir ki, onunla Ulu Ay Ata arasında orta nöqtələr vardır (188a, s.87-88).

“Ulu Xan Ata Bitiyi”ndə görürük ki, Ulu Ay Atadan sonra Ulu Ay Ana, yəni ilk Türk xatunu yaranıb. Sadəcə, Kara Dağ adlananmağarada dörd ünsürün (od, su, hava və torpaq) birləşməsi nəticə­sində yaranan Ulu Xan Ata daha güclü, ondan 40 il sonra yaranan Ulu Ay Ana isə bir qədər gücsüz, mükəmməl olmayan şəkildə öz-özlüyündən ortaya çıxmışdır (188a, s.88-89). Ulu Ay Ata və Ulu Ay Ana öldükdən sonra onların uşaqları bir araya gəlib ilk kağanları, ya da xaqanları olan Ay Atam Kiçikəri seçmişlər (188a, s.90).

Bilqamıs (təxminən e.ə. 3 minillik – e.ə. 2800-2500). Şumerin Uruk şəhərinin hökmdarı və baş kahini olan Bilqamısın da Türk mənşəli olması ilə bağlı iddialar var. “Bilqamıs dastanı”ında (“Hər şeyi bilən adamın dastanı”) onun dini-fəlsəfi görüşləri geniş şəkildə öz əksini tapmışdır. “Qədim Şərq ədəbiyyatı müntəxəbatı”nda bu bardə yazılır ki, “Bilqamıs” sözü Azərbaycan türkcəsində də bilgə və qamıs tərkibindən ibarətdir və hər şeyi bilən adam anlamındadır: ““Bilqamıs dastanı” öz məzmununa görə də Azərbaycan folkloru, xüsusilə nağıl və dastanları ilə səslənir. Bir çox xaıq nağıllarımızda və əfsanələrimizdə rast gəlinən yeraltı dünyaya, gedərgəlməzə, dünyanın o başına getmək kimi süjetlər, xüsusilə dirilik suyu, həyat ağacı, əbədi həyat tapılması kimi motivlər bu dastanda da vardır. Xızırpeyğəmbər haqqında əfsanə “Bilqamıs dastanı” ilə çox yaxın­dır. Bu, təsadüfi hal deyildir” (100, s.125) .

Oğuz Kağan/Oğuz Xaqan (təxminən e.ə. 3-cü minilliyin sonu, 2-ci minilliyin əvvəlləri). Oğuz Xaqanla bağlı yaranmış bütün “Oğuznamə”lərdə də, o, həm Turan İmperatorluğunun, həm də Dün­ya hakimiyyətinin ilk qurucu hökmdarı kimi dəyərlən­diril­miş­dir. “Ulu Xan Ata Bitiyi”nə görə, Ulu Ay Ata və Ulu Ay Ananın böyük oğlu olan Ay Ata Kiçikəri türklər tərəfindən ilk kağan seçil­mişdir. Həmin bitikdə bununl bağlı yazılır: “Ulu Ay Ata və Ulu Ay Ananın çocuqları, haqsızlıq və düzənsizlikləri önləmək üçün bir çarə arama­ya başladılar. Sonunda bir çözüm buldular. İçlərindən seçiləcək bir kişinin qərarlarına uyacaqlar və çıxardığı hökümləri alıb itaət etmə­ləri gərəkəcəkdi. Yəni bir kağan seçəcəklərdi. Qərara görə Ulu Ay Atanın ən böyük oğlu, digər hərkəsdən sorumlu oldu. Çocuqlar, ara­larında anlaşıb Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlunu kağ­an yapdılar. Yəni Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlu Ay Atam Kiçikərini, Kiçik Ay Babanı xalqın başına hakim və ilk kağan olaraq seçdilər. Səksən il boyunca türkləri o yönətdi” (188a, s.89-90).

Digər mənbələr isə Oğuz Xaqanı Alp Ər Tonqa, onu da “Avesta” və “Şahnamə”lərdə adı keçən Əfrasiyabla eyniləş­dirilər. Hesab olunur ki, Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nuh oğlu Yafəsin oğlu Türkün nəvəsidir (115, s.34).

Bəzi araşdırmaçılara görə Oğuz/Uğuz/-Buğuhan xaqan Sami xalqlarının dini kitablarında (Zəbur, Tövrat və b.) adı keçən İbrahim peyğəm­bərin ya özü, ya da qardaşı Aran, bəlkə də onların müasiri hesab olunan və adı Qurani-Kərimdə də keçən Böyük Zülqəreyndir.Oğuz Han ya da Böyük Zülqərneyn Türklərə təxminən 5000 il bundan öncə Hənif dinini (hənifilik) öyrətmişdir (215, s.131-132). Bu anlamda Oğuz Xanın Böyük Zülqərneyn olması daha çox inandırıcıdır, nəinki m.ö. 13-7-ci əsrlər arasında yaşaması güman edilən Alp Ər Tonqa (215, s.136-137).

Oğuz Xaqan oğulları Göy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdür­müşdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin) də təməlini qoymuşdur. “Təva­rix-i Ali Səlcuq”un Oğuznamə bölümündə Oğuz Xa­qanın düşüncə­lərinə də yer verilmişdir. Həmin kitabda yazılır: “Oğuz Kağanın törə olaraq bəlirləyib vəsiyyət etdiyi; əxlaqi mövzuları içərən, hal və tavr anladan, ata sözləri və hikmətli sözlər, daha öncə yoxdu. Onun mübarək sözlərindən meydana gəldi. Yəni bu əxlaq qaydalarını bəlirləyən sözlər, hikmətli sözlər hal və tavr anladan sözləri o vəsiyyət olaraq söylədi. Bu sözlər törə halına gəldi” (188b, s.29).

“Təvarix-i Al-i Səlcuq”un Oğuznamə bölümündə Oğuz Kağanın buyurduğu törə və yasasından bir neçəsi bunlardır: “Oğuz Kağan buyurdu: Hər kim on kişilik bir topluluğu yönətəbilir, əlli kişilik bir topluluğu da yönətəbilir. İştə o, min bəyi olmaya layiqdir. Hər kim öz evinin düzənini düzəbilir və qurabilir, onbaşı olmaya layiqdir. Hər kim min kişilik bir topluluğu yönətəbilr, tümən bəyi olmaya layiqdir. Hər kim bir tüməni yönətə bilirsə boy başı olması uyğundur. O, bir boya xan ola bilər... Oğuz Kağan buyurdu: Üç bilgənin doğru bulduğu sözü hər yerdə söyləmək gərəkir. Hər kişi öz sözünü, başqasının söylədiyi sözləri üç bilgənin söylədiyi sözlərlə qarşılaşdırsın. Əgər uyğundüşərsə onu söyləmək olur. Əgər söz, üç bilgənin sözlərinə tərs isə o sözü söyləməmək gərəkir... Oğuz Kağan buyurdu: Heç quşqusuz ərinin yaxşı adını xatun kişi çıxarır. Bunun üzərinə xatun kişinin də topluluqlarda və məclislərdə yaxşı adı danışılır. Yaxşı ər, yaxşı xatun kişi vəsiləsi ilə olunur. Əgər xatun kişi yaramaz və pis bir qadın deyilsə belə erkəyinin yolsuzluğu və tədbir­sizliyi yenə də qadından bilinir”... (188b, s.33-34).

Böyük Zülqərneyn (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin əvvəlləri).Böyük Zülqərneyni isə İbrahim peyğəmbərin özü, ya da onun qardaşı Aranla eyniləşdirənlər var. Həmdulla Mustovfi Qəzvini “Tarixi-Guzidə” əsərində yazır ki, Zülqərneyn Yafəs peyğəmbərin nəslindən idi və İbrahim Xəlullahdan öncə yaşamış, Xızır peyğəmbərin isə çağdaşı olub (197a, s.48).

Chosen
5
turkustan.az

1Sources