“Qələbə” qəzetinin baş redaktoru Mahmud Ağalarovun 100 illik yubileyi qeyd olunub
Əməkdar jurnalist, Qırmızı Əmək Bayrağı ordenli, “Qızıl qələm” mükafatı laureatı Mahmud Ağalarov zəngin yaradıcılıq yolu keçmiş jurnalistlərdən olub. Onun yubileyi münasibətilə Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən xatirə gecəsində bu barədə ətraflı bəhs edilib.
Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Yüz yaşlı qəzetin 100 yaşlı redaktoru” adlı tədbirdə RİH nümayəndələri, “Qələbə” qəzetinin kollektivi, veteran qələm sahibləri və rayon ictimaiyyətinin nümayəndələri, oxucular iştirak edirdilər.
Yubilyarın həyat və fəaliyyətini özündə əks etdirən foto-slaydın nümayişindən sonra çıxışlar oldu. “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, icra hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, rayon qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, vaxtilə qəzetdə şöbə müdiri işləmiş Əməkdar jurnalist Rəhim Hüseynzadə, rayon ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, AYB Muğan bölməsinin sədri Nəbi İbrahimov, tarix-diyarşünaslıq muzeyinin direktoru Rəfiqə Ağabəyli, şair Zabil Pərviz, qəzetin əməkdaşları Leyla Nəsirova, Təyyar Nəsirli, Əzizağa Məmmədli, və başqaları peşəkar jurnalist, səmimi insan olmuş Mahmud Ağalarovla bağlı xatirələrini danışdılar. Qeyd edildi ki, mənalı ömrünün tam 50 ilini jurnalistikaya həsr etmiş Mahmud müəllim mənalı və ibrətamiz bir ömür yaşayıb.
Hələ orta məktəbdə illərindən ilk qələm təcrübələrini rayon qəzetinə göndərən gənc müxbirin yazıları tezliklə Bakıda çıxan “Gənc işçi” qəzetində görünməyə başlayıb. 1940-cı ildə 16 yaşlı Mahmud “Sosializm yolu” qəzetində məsul katib vəzifəsinə işə götürülüb. İkinci Dünya müharibəsi illərində salyanlıların döyüşən cəbhədə, eləcə də arxada qələbəni təmin etmək üçün göstərdikləri rəşadət və hünər nümunələri barədə rəngarəng məqalələrlə “Sosializm yolu”nda və “Kommunist” qəzetində müntəzəm çıxışlar edib, yerli radio qovşağı vasitəsilə sovet informasiya bürosunun rəsmi xəbərlərini rayon camaatına çatdırıb. Gözəl səs tembrinə malik olan M.Ağalarovu o vaxt “Salyanın Levitanı” adlandırırdılar.
Müharibən sonra rayonda bir sıra məsul vəzifələrdə çalışan Mahmud Ağalarov çox keçməmiş yenidən rayon qəzetinə qayıdaraq jurnalist fəaliyyətini davam etdirib. 1952-ci ildə gənc jurnalist “Kommunist” (indiki Xalq qəzeti”) qəzetinə işə dəvət olunub, 1956-cı ildə buradan Bakı Ali Partiya Məktəbinin jurnalistika şöbəsinə oxumağa göndərilib. Daha sonra Mahmud Ağalarov Qazaxın “Qalibiyyət bayrağı”, Qubanın “Şəfəq” qəzetlərinin redaktoru olub. 1965-ci ildən 1992-ci ilə kimi isə doğma Salyan rayonunda nəşr edilən “Qələbə” qəzetinə rəhbərlik edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dönəmdə həyata keçirilən möhtəşəm quruculuq və abadlıq işlərinin fəal təbliğatçılarından biri də Mahmud Ağalarov olub. Onun redaktorluğu ilə həftədə 3 dəfə, 10 min tirajla çıxan qəzetdə respublikanın və rayonun sosial-iqtisadi, mədəni həyatı geniş və maraqlı şəkildə öz əksini tapırdı. O dövrün “Qələbə” qəzeti yüksək poliqrafik səviyyəsinə görə Mariya Ulyanova adına Ümumittifaq mükafatına layiq görülmüşdü. Mahmud müəllimlə birlikdə çalışan jurnalistlərdən Vaqif Əliyev, Səxavət Qarayev, Alimə Möhsümova, Akif Bayramoğlu, Fəxrəddin Fərzəliyev sonralar müxtəlif mətbuat orqanlarının redaktorları olublar.
Mahmud Ağalarov 1992-ci ildə təqaüdə çıxandan sonra da doğma qəzetlə müntəzəm əlaqə saxlayıb, təcrübəsini gənclərdən əsirgəməyib. Beləcə, ömrünün sonuna – 1999-cu ilin may ayına qədər Azərbaycan jurnalistikasına, bölgə mətbuatına xidmət göstərib...
Yubiley gecəsinin sonunda Mahmud Ağalarovun qızı Bahar xanım atasının xatirəsinə göstərilən ehtirama görə mərasimi təşkil edənlərə və bütün iştirakçılara minnətdarlığını bildirdi.
Ə.ƏLİYEV
XQ