EN

İxtiyar İsayev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursu Azərbaycanda ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə təmin edib”



“Artıq iyirmi bir ildən çoxdur ki, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə öz dəstəyini göstərir və möhtərəm dövlət başçımızın müdrik rəhbərliyi ilə zəfərdən zəfərə, parlaq qələbələrə doğru inamla irəliləyir. 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevin lehinə səs verib. İlk Prezidentliyi dövründə xalqın etimadını doğrultmağa, daha artıq inam və etibarını qazanmağa müvəffəq olmuş möhtərəm dövlət başçımız 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə də mütləq səs çoxluğu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan üçün sözün əsil mənasında Zəfər seçkisi oldu. Müstəqilliyimizin tarixində ilk dəfə olaraq seçkilər ölkə ərazisinin hər bir yerində keçirilmişdir. Sonuncu Prezident seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayev deyib.

Fikirlərini davam etdirən müsahibimiz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu işinin Vətən müharibəsində əldə olunmuş tarixi Zəfəri təmin edən əsas amillərdən biri olduğunu vurğulayıb: “Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə 2003-cü ildən etibarən ordu quruculuğu məsələsi dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bu əhatəli və böyük zəhmət tələb edən işlər 2020-ci ildə öz möhtəşəm nəticəsini verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu parlaq Zəfərin davamı olaraq keçən ilin sentyabr ayında uğurla həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda illər öncə yaradılmış qondarma separatçı rejimin ləğvinə və bütün ərazisində suverenliyinin tam bərpasına nail oldu. Oktyabr ayında qədim şəhərimiz olan Xankəndinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaldan Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün vədlərinə əməl etdi. Bu gün tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir.”

Daha sonra İ.İsayev son illər ərzində Azərbaycanın getdikcə dah çox qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi çıxış etdiyini diqqət mərkəzinə çəkərək bunları deyb: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik xarici siyasət Azərbaycana beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Məhz bu siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Birmənalı olaraq demək lazımdır ki, cənab Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və qlobal arenada böyük rəğbətlə qarşılanır. Məhz Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulub. Əlbəttə ki, Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Təbii ki, ölkəmizin qlobal nailiyyətlərindən danışarkən iqlim diplomatiyasında dönüş nöqtəsi olmuş COP29-un nəticələri xüsusi qeyd olunmalıdır. Azərbaycan keçən ilin sonlarında beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək hüququnu əldə etdi. Müddətin qısa olmasına baxmayaraq, ölkəımiz COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Qlobal tədbirin möhtəşəm nəticələrindən biri kimi, karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bütün bu nailiyyətlər ölkəmizin yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Əminliklə demək olar ki, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan növbəti illərdə daha yüksək dinamika ilə inkişaf edəcək və beynəlxalq arenada mövqelərini getdikcə daha da gücləndirəcək” – deyə, İxtiyar İsayev öz fikirlərini tamamlayıb.



Chosen
1
1
aia.az

2Sources