EN

"TikTok"dakı əxlaqsızlıqla bağlı qanunvericiliyə dəyişiklik EDİLMƏLİDİR

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Vətəndaşların narazılığına səbəb olan bir sıra "TikTok" istifadəçiləri saxlanılıb.

Rəsmi məlumata görə, TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, narazılıqlara səbəb olan canlı yayımların sponsorları da müzakirələrə səbəb olub. Sponsorlar arasında məşhur restoranlar, tibb müəssisələri və digər şirkətlər var.

Modern.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik etmək olar:

"Dünən mən də belə xəbərlər gördüm. Məndə "TikTok" olmadığına görə sözün düzü, nə çəkib göstərdiklərini bilmirəm. Mətbuatdan gördüm ki, əxlaqsızlığı təbliğ edirlər başlığı ilə xəbərlər yayılıb. Bu anlayış da qeyri-müəyyəndir. Bilmək istərdim ki, cinayət məcəlləsinin hansı maddəsi ilə onları ittiham edirlər? Bu barədə məlumat yoxdur. Əxlaqsızlıq geniş məfhumdur. Nəinki internetdə, sosial şəbəkələrdə, hətta mənim fikrimcə, televiziyalarda da əxlaqsızlıq təbliğ olunur. Hərənin məsələyə öz baxışı var. Mənə görə orada göstərilənlərin də xeyli hissəsi əxlaqsızlıqdır. Buna görə konkret meyarlar olmalıdır. Bəli, mən razıyam ki, bunların da göstərdiyi şouda əxlaqsızlıq elementləri var. Amma burada hərənin öz baxışı ola bilər. Ona görə də vacibdir ki, hər şey qanun çərçivəsində olsun, kiminsə nədənsə xoşu gəlmir anlayışı yox. Yaxşı olardı ki, qanunvericiliyimizdə dəyişiklik edib, məsələni dəqiqləşdirək ki, sabah belə hadislərin qarşısını alaq".

Hüquqşünas sözügedən "TikToker"lərin vergidən yayınma ehtimalını da istisna etməyib.

"Həmin adamlar gəlir əldə edirlərsə, əlbəttə, vergi verməlidirlər. Vergi orqanları çoxdan bu məsələ ilə məşğul olmalıydı, onların həbs edilməsini gözləməməliydilər. Bütövlükdə isə əlavə addımlar da atmaq olar. Azərbaycan qanunvericiliyində bu məsələlər tənzimlənməlidir. Bu məsələlərin təınzimlənməsinin çərin məsələ olması ilə də razıyam. Əxlaqsızlıq ümumiyyətlə nədir? Lakin bunu oturub, müzakirə etməliyik. Hesab edirəm ki, söyüş varsa, artıq əxlaqsızlıq var. İnsanların intim mövzulara bayağı girməsi əxlaqsızlıqdır. Amma bu bizim telekanallarda da var", - Əkrəm Həsənov əlavə edib.

Chosen
11
modern.az

1Sources