Bu il Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən 190 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə Lassa qızdırması hallarında və ölümlərdə artım olduğunu bildirib.
İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb.
Bu il Lassa qızdırması epidemiyası səbəbiylə 190 nəfərin həyatını itirdiyini bildirən İdris epidemiyaya bağlı ölüm nisbətinin daim yüksək qaldığını bildirib.
Hökumət ölkə daxilində epidemiyaya görə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Siçan nəcisi ilə təmasla bulaşan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.
Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.