EN

Saxta diplomlarla bağlı mühüm xəbər

"Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq". 

Ölkə.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib. 

O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv etdik:

"Bunun aşkarlanması necə baş verdi? Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddi şübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik".

Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib:

"Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini Agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik".

Chosen
2
14
olke.az

10Sources