Son söz nifrət və zorakılıq olmamalıdır. Gəlin, özümüzü bir-birimizdən ayırmayaq, birlikdə olaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Milad bayramı münasibətilə müraciətində bildirib.
Builki Milad bayramı ərəfəsində Maqdeburqda törədilən hadisə ilə bağlı insanlarda əsəb, qorxu və gərginliyin yaranmasına toxunan Prezident qeyd edib: “Bütün bu hisslər başadüşüləndir. Lakin onlar bizə hökmranlıq etməməli, bizi iflic vəziyyətinə salmamalıdır”.
İnsanları keçmişdə birlikdə böyük vəzifələrin və böhranların öhdəsindən gəlməyə imkan verən güclü tərəflər üzərində düşünməyə çağıran Prezident icma ruhu və enerjisini, zəhmətkeşliyi, cəsarət və ambisiyaları, eləcə də özünəinamı xüsusi vurğulayaraq bildirib: “Biz bunların hamısını itirməmişik, onların hamısı canlıdır. Mən bunların hamısı ilə demək olar ki, hər gün qarşılaşıram və buna əminəm: bütün bunlar bizə gələcək üçün yeni yollar açacaq”.
Frank-Valter Ştaynmayer müraciətində koalision hökumətin uğursuzluğundan da qısa şəkildə bəhs edərək hökumətin fəaliyyətinin vaxtından əvvəl başa çatmasının dünyanın sonu olmadığını vurğulayıb. Bunun Əsas Qanunda əksini tapan hal olduğunu qeyd edən Prezident Bundestaqın buraxılması və yeni seçkilərlə bağlı qərarı Milad bayramından sonra verəcəyini bildirib.