EN

Ömür yolunuz həmişə belə nurlu olsun, əziz Prezidentimiz

Millət vəkili, yazıçı İmamverdi İsmayılovun “Taleyin hökmü!” adlı yazısını “ təqdim edirik: 

Donub qalmışam heyrətdən…

Qarşımda qədim və sirli tarixin xəritələri – bu qoca tarixi yaşadıb, lal sükuta dalıb…

Heyrətlə, sirli-müəmmalı baxır…

Mən də baxıram, həsrətli gözlərimin acısını alıram…

Gözlərimsə… qərinələrcə… yol çəkir.

Aman!..

Bu Yurd, bu Vətən Torpağı gör nə boydaymış…

Pərən-pərən olmuş Vətən torpağı…

Nələr gedib, nələr?!

Parçalanıb, paylanıb, satılıb…

Axırı da… Belə…

İllər boyu, sağdan-soldan, qol qanadı qırılmış

Qartal bənzərli bir sonuc…

Dimdiyi Xəzərə çökmüş, dərin düşüncəli və min illərin sirrini-sehrini özündə yaşadan bir QARTAL..

İllərin cəfası və səfası ilə düşünürəm…

Hamısını, bu qədim-qayım torpaqların hamısını qucaqlayıb, bağrıma basmaq istəyirəm…

Eeheeeyyy!!!

Qayıdırıq, gəlirik və… bütövləşirik!!!

Səbrlə, aramla…

* * *

İlham Əliyev kimi şəxsiyyətləri xalq üçün seçən, onların tarixdəki mövqeyini, statusunu müəyyənləşdirənsə taledir…

Ali Baş Komandanın uca və müzəffər taleyi…

Onun Azərbaycan xalqına, dövlətinə rəhbərlik etməsi, bu şərəfli və həyati məsuliyyəti çiyinlərinə götürməsi, özünüz deyin, taleyin hökmü deyilmi?!

İlham Əliyevin varlığı — bizim üçün elə Taleyin hökmü deyilmi?

* * *

O, çətinliklərdən və döyüşlərdən keçib gəlmiş, Azərbaycan xalqının taleyinə şərəflə yazılmış sərkərdə, həyat və fəaliyyəti ilə xalqın da, dövlətin də alın yazısına çevrilmiş liderdir…

Milli dövlətçilik tariximizin qırıq-qırıq parçalardan ibarət hissələri bu adda birləşib bir bütün olur…

Əcdadlarımızdan üzü bəri yol gələn pərakəndə məqsədlər, yollar, ideyalar, təşəbbüslər bu adda bir araya gəlib aydın gələcəyə, böyük hədəflərə yönəlir…
Tarixin böyük həqiqəti: bax, beləcə güclüyük! 

Qürurluyuq!.. 

Birgəyik!.. 

Tamıq!.. 

Birlikdə — cəmimizdən daha böyüyük!..

 

* * *

Azərbaycan Prezidentinin yaratdığı salnaməni bu tarixin canlı şahidləri kimi müxtəlif mənbələrdən görüb izlədikcə, onun ayrı-ayrı epizodlarını düşüncələrində bir araya gətirdikcə, yaranan mənzərəyə heyrətlənməyə bilmirsən…

İlahi, bir insan bu qədər aydın fəhmə, müdrikliyə, qətiyyət və iradəyə, eyni zamanda o qədər də səbr və təmkinə necə sahib ola bilərmiş…

Siyasət dəryasının bir an da ara verməyən dərin burulğanları ətrafında, qaynar qazan kimi çoxlarını yandırıb pörşələyən aramsız proseslərin tam mərkəzində, bu qədər çevik və səhvsiz davranmağı, üstəlik hadisələrin sürətli axarını hər an ölkənin, xalqının möhtəşəm uğurlarına yönəltməyi hansı məktəblərdə öyrənmək, hansı təcrübədən görüb əxz etmək olar ki?!

Cənab İlham Əliyev də lap gənc yaşlarından siyasətində, idarəetməsində, strateji qərarlarında həmişə öz işinin yüksək peşəkarı kimi davrandı.

Başqa cür ola da bilməzdi — axı o, nəhəng dövlət xadimi Heydər Əliyevin müqəddəs ocağından nur alıb, boy tutub, bəhrələnib.

Prezidentimizin beynəlxalq siyasi məkanda yüksəldiyi uca mövqe, malik olduğu böyük nüfuz, sözünün, rəyinin təsir gücü, kəsəri Azərbaycan xalqının tarixində yeni başlanğıc, yeni səhifədir!

Mənə elə gəlir ki, bu xalq, böyük imperiyaların mövcudluğundan bəri, sözü, baxışı, strateji qərarları geniş coğrafiyada mühüm dəyişikliklər yaradan, proseslərin axarını dəyişən, yeni reallıqlar müəyyənləşdirən İlham Əliyev kimi Lideri gözləyirmiş…

“Ona özüm qədər inanıram”, – deyib çətinliklə qurduğu dövləti, məşəqqətlə xilas etdiyi xalqını məhz ona əmanət etməkdə Ulu Öndərimiz nə qədər haqlı idi…

Əslində elə bu da İlahi Haqq idi, Tanrı hökmü, Tale Qisməti idi – Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün!..

İlham Əliyevin liderlik qüdrəti isə yalnız onun aid olduğu zəmanənin reallıqları ilə deyil, həm də qövm-qədim tariximizin zərurətləri ilə bir-birini tamamladı…

 

* * *

Mahir və peşəkar diplomatın atdığı ardıcıl addımları izlədikcə, qurduğu mürəkkəb kombinasiyaların hələ ilkin nəticələrinə baxdıqca adamı heyrət bürüyür.

Bu heyrətin içində düşünürəm, gör hələ son nəticə necə möhtəşəm olacaq!!!

Kimin ağlına gələrdi ki, dünyanın böyük güclərinin öz oyunlarını oynamaqdan ötrü, Qafqazın qoynunda əfi ilan kimi bəsləyib böyütdükləri, əsrlərdir regionumuzun başının bəlasına çevirdikləri erməni projesi cəmi üç ilin içindəcə tam məhv ediləcək?!

Xəyalların hüdudu, miqyası yoxdur. Ancaq xəyalları da gerçəkliklə birləşdirəndə qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi, azad yurdlarımıza el-obanın köçünün başlanacağını kim düşünə bilərdi?..

Xankəndidə bayrağımız dalğalanacaq, bu doğma şəhərimiz separatçıların nanəcib izlərindən, zəhərli nəfəsindən birkərəlik arınıb durulacaq…

Sıra Qazaxın kəndlərinə gələcək, bir güllə atmadan işğalçılardan təmizlənəcək.

Vallah, xəyallarımızda da bunların hamısını bir yerdə və bir zamanda təsəvvür etmirdik…

Ancaq İlham Əliyevin reallıqları xəyallarımızın hüdudlarını da qat-qat aşdı!..

… Və bayaq xəritədəki bənzətdiyim o Qartal sanki dimdiyini dənizdən çıxarıb güc yığır, qol qaldırıb qanad çalır. Qayıdan və qayıdacaq torpaqlarımızı isti, imisti ana qoynuna toparlamıq istəyir…

Bütövləşən zəfər ruhlu vətənimizi haraylayır!

Qibləsi, səmti, yolu-yönümü haradır?..

Yaradan bilir!..

Və Yaradanın yaratdığı qətiyyətli və uzaqgörən rəhbər də bilir!..

Azərbaycan torpaqlarını işğal edib, yurd-yuvamızı çapıb yağmalayanların, satıb-sovanların, vücudları şişib dərilərinə, iddiaları isə yerə-göyə sığmayanların bir gün qaçıb-aradan çıxmaq istəyərkən, sərhəd-keçid məntəqəsində qulaqlanıb, Bakıya qoluqandallı gətiriləcəkləri, indi burada ağzıbir küncünə qısılıb əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verəcəkləri günü qorxa-qorxa və peşmanlıqla gözləyəcəkləri röya yox, reallıqdır!

Bizim qayıdış planlarımız genişdir, qayıdırıq…

Üz tutub qədim-qayım torpaqlarımız boyunca gedirik…

Özü də davasız-savaşsız, sakit və təmkinlə…

Diplomatik məharətlə…

İnanılmazları mümkün edən, ağılagəlməzləri reallığa çevirən odur — İlham Əliyev!..

Adını qızıl hərflərlə əbədiyyətə yazdıran milli dövlətçilik tariximizin böyük şəxsiyyəti…

 

 

* * *

Tale bizə başqalarının Azərbaycana və bölgəyə qarşı məkrli oyunlarını pozan, zaman-zaman buraları qan çanağına döndərmək istəyənlərin fitnə-fəsadlarına imkan verməyən və arzusunda olduğumuz gələcəyi kərpic-kərpic qurub, dikəldən güclü və səriştəli lider nəsib edib…

O lider ki, əslində, hər yerdədir!..

Bəzən də… heç nəzərə çarpmadan, özünü bəlli etmədən…

Özünün görünmədiyi yerlərdə Prezidentimizin qətiyyəti danışır, nəcib əməlləri dilə gəlir, böyük şahmat taxtasında birilərinin hiyləgərcəsinə qurmağa çalışdıqları kombinasiyalara qarşı mahir gedişləri ilə çoxlarını mat qoyur…

Hətta sükutunda belə, qətiyyəti görünür!..

* * *

İlham Əliyev Haqq, İnam, Azərbaycan yolunda Tanrı rizası ilə, xalqının duaları ilə, bir də ki, əlbəttə, ən böyük dəstəkçisi, ən fədakar silahdaşı, ən cəfakeş dostu Mehriban xanım Əliyeva ilə birgə əzmlə addımlayır…

Cıdır düzündən Xəzər sahilinə, Ağalıdan Şahdağa, Əlincədən Muğanadək… – bu məmləkətin hər bir guşəsində Onların səfərlərinin, əməllərinin və amallarının əsrarəngiz izləri, möhtəşəm nümunələri var…

Onların dövlətçilik təfəkkürünün “Dəmir yumruğ”u, strateji baxışlarının “zərif biləy”i Azərbaycanı həm hifz edir, həm də gülüstana çevirir…

Bir-birlərindən aldıqları güc ilə millətə və dövlətə də güc verirlər…

Güclü Azərbaycanı birgə qururlar — Tanrının buyuruğu ilə, taleyin qisməti ilə, Heydər Əliyevin vəsiyyəti ilə…

Kim danar? Əliyevlər ailəsi böyük Azərbaycan ailəsinin halal mayasını, möhkəm bünövrəsini və daha uğurlu gələcəyini təmin edən əsas təməldir!..

 

Bu təməldə — keçmiş də birləşir, sabah da…

Bu təməldə — xalq da qovuşur, dövlət də…

Arzularımız da gerçəkləşir, hədəflərimiz də…

Və Azərbaycan bütövləşir, tamlaşır…

Belə böyüklük və möhtəşəmlik, tarix boyu, taleyin sevib-seçdiyi az sayda şəxsiyyətə nəsib olur…

Bu əməlləri ilə Taleyin hökmü olmaq – sözü dürüst və imzası qədər dəyəri olan insanların qismətidir…

Nə yaxşı ki tale Azərbaycanla bağlı öz hökmunü cənab İlham Əliyevin əməllərində göstərir və yaşadır.

Tarixi və taleyi biz yazmırıq…

Qisməti də biz bölüşdürmürük: o, hər kəsə layiq və qadir olduğu qədər verilir!..

Bəlkə də taleyin hökmüdür ki, bu, Sizin alın yazınız olmalı idi, cənab Prezident!!!

Sizin timsalınızda tale — bizi, layiqliyin də, qadirliyin də ən yüksək məqamında qərarlaşdırdı!..

Ömür yolunuz həmişə belə nurlu olsun, əziz Prezidentimiz!!!

Chosen
11
xalq.az

1Sources