EN

“Təbiət səfirləri – cənub gənclərinin ekoloji maarifləndirilməsi”  layihəsi yekunlaşıb – FOTOLAR

“Gənclərin sosial inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü ilin Gənclər paytaxtı seçilmiş Lənkəran şəhərində həyata keçirilən “Təbiət səfirləri –  cənub gənclərinin ekoloji maarifləndirilməsi” layihəsi uğurla yekunlaşıb.

3 gün ərzində Lənkəran şəhərində keçirilən düşərgədə 20 cənub gənci ekoloji maarifləndirilmə ilə bağlı təlimlərdə və komanda işlərində iştirak edərək, nəzəri biliklər əldə edib.

Layihənin ilk günü gənclər müxtəlif tanışlıq oyunlarında iştirak edib, daha sonra “Komanda quruculuğu”, “Gözləntilər və töhfələr”, “Təbiətin qorunmasında gənclərin rolu” və “Ekoloji könüllülük və sosial layihələr”  mövzularında baş tutan təlim sessiyalarında iştirak edib.

Növbəti gün düşərgənin qonağı olan Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanoğlu gənclərlə görüşüb, onlara uğurlar arzu edib. Gənclər, həmçinin “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşdə iştirak ediblər. Görüş zamanı Lənkəran Skautlarının nümayəndəsi Kənan Cabbar tərəfindən gənclərə “Skaut hərəkatı”, “Skautun prinsipləri, fəaliyyətləri, rəmzləri” haqqında məlumatlar verilib, gənclərin sualları cavablandırılıb.

Üçüncü gün gənclər üçün “Ekoloji böhranlar və həll yolları”, “Yaşıl siyasət və urbanizasiya”, “Alternativ enerji” mövzularında təlimlər təşkil olunub. Daha sonra gənclər Xanbulan gölünə yollanaraq, ətraf ərazinin ekoloji vəziyəti, flora və faunası haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın cənub bölgəsində, xüsusən də Lənkəran rayonunda gənclər arasında ekoloji maarifləndirməni artırmaq və davamlı təcrübələri təbliğ etməkdir.

Chosen
13
1
interpress.az

2Sources