EN

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirildi

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclası keçirilib. 

"Unikal" xəbər verir ki, iclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun sədrliyi ilə keçirilən iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb.

İclasda ilk olaraq işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

Belə ki, “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Logistik performans” indeksinin hesablanma metodologiyasının dəyişdirilməsi barədə Dünya Bankı ilə müzakirələrin aparıldığı və yeni metodologiyaya uyğun olaraq “sorğu əsaslı yanaşmadan Big Data əsaslı yanaşmaya keçid”in qəbul edildiyi bildirilib. İstifadə olunan böyük məlumat mənbələri olaraq Ümumdünya Poçt İttifaqı, “Cargo” İQ, “TradeLens”, “MDS Transmodal” və “MarineTraffic” kimi məlumat bazalarından istifadə ediləcəyi diqqətə çatdırılıb.

Sonra “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Elektrik enerjisi istehsalı” indikatorunun 2022 və 2023-cü illər üzrə göstəricilərinin təhlil edildiyi və 2024-cü il üzrə proqnoz göstəricilərin Komissiyanın Katibliyinə təqdim edildiyi bildirilib.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən yol infrastrukturunun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusilə yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, Bakı şəhərində mobilliyin artırılması istiqamətində görülən işlər haqqında məruzə edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində keçirilən pilot layihə, əhalinin dayanıqlı su təminatı məqsədilə Abşeron yarımadası ərazisində aparılan magistral su kəmərləri və həmin kəmərlər boyu mərkəzi su anbarlarının tikintisi, eləcə də su itkilərinin azaldılması məqsədilə məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması barədə ətraflı məlumat verilib.

Təqdimatlardan sonra işçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib. Eyni zamanda növbəti ildə görüləcək işlər və işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” üzrə işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Chosen
4
5
unikal.az

7Sources