Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Ötən 21 illik tariximizdə Azərbaycan böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi çəkiyə malik olan dövlət kimi imicini təsdiqləmişdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Regionda yeni reallıqların müəllifi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. Azərbaycan üçün artıq yeni bir dövr başlanıb. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək, tariximizə 44 günlük Vətən müharibəsində Zəfər yazdı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində 2024-cü il fevralın 7-də Zəfər seçkisi keçirildi. Cənab İlham Əliyevin 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəlməsi bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Suverənliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Zəfər seçkisi bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkünlər yurdlarında seçici olaraq səs verdilər. Azərbaycan Prezidenti İlham Əliyev səsvermə prosesində Xankəndidə iştirak etdi. Dövlət başçımız Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirmişdir ki, orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib.
Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin 21 illik dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını ölkəyə rəhbərliyi dövründə yerinə yetirilməsinə nail olmuşdur. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi" - deyə Prezident bildirib.
Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirməklə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Dövət başçısının diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. 2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan çoxdur. 2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Statistik rəqəmlərin dili ilə desək, bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Təbii ki, bütün bunlar bir daha deməyə əsas verir ki, Cənab Əliyevin 21 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.
Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Bu günlərdə Azərbaycanın növbəti uğuru D-8 təşkilatına üzvlüyü ölkəmizin müstəqillik tarixində beynəlxalq diplomatik uğurları sırasına daxil oldu. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha bir göstəricisidir. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi kimi tarixdə yer aldı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsidir. Azərbaycan bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.
Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi, onları həyata keçirən də Azərbaycan Prezidenti İlham Əliyevdir. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.