EN

Sahibə Qafarova Ukraynanın Azərbaycandakı səfiri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Görüşdə Azərbaycan və Ukrayna əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
 
Ölkələrimizin etibarlı tərəfdaş olduqları, münasibətlərin möhkəm təməllərə əsaslandığı diqqətə çatdırılıb. Ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərdikləri vurğulanıb.
 
Söhbət zamanı humanitar sahədə əməkdaşlığın da vacibliyi vurğulanıb. Azərbaycan və Ukrayna xalqlarını bir çox ortaq dəyərlərin birləşdirdiyi və bu dəyərlərin xalqlarımızı daha da yaxınlaşdırdığı diqqətə çatdırılıb.
 
Səfir Yuri Qusev Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdıraraq, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın dövlət başçısının müstəsna rolunu qeyd edib.
 
Diplomat, həmçinin parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. Diqqətə çatdırılıb ki, seçkiləri Ukrayna parlamentinin müşahidəçiləri də izləyiblər.
 
Söhbət zamanı Azərbaycanın evsahibliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkili ilə bağlı da fikirlər səsləndirilib.
 
Görüşdə parlamentlərimiz arasında da mövcud münasibətlərin səviyyəsindən məmnunluq bildirilərək, bu münasibətlərin daha da inkişafına dair müzakirələr aparılıb.
 
Chosen
4
11
moderator.az

10Sources