Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan sərgidə ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.
Dekabrın 24-də sərginin açılış mərasimi keçirilib.
Əvvəlcə “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibov iştirakçılara xarici ölkələrdən gətirilmiş hakim və vəkil cübbələri barədə məlumat verib, kolleksiya-muzeyin yaradılmasının tarixindən danışıb.
Sonra açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayıb, sərginin təşkil edilməsinin məqsəd və mahiyyətindən söz açıb, bunun məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları, gənc hüquqşünaslar üçün böyük maraq doğuracağını deyib. Artıq ölkədə ikinci dəfədir belə bir sərginin təşkil edildiyini söyləyən sədr son illər Sumqayıtda vəkillik sahəsində görülən işlərə toxunub, vəkillərin sayının artığını bildirib.
Anar Bağırov nəzərə çatdırıb ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident cənab İlham Əliyevin 22.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində dönüş yaratdı. Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qonaqları salamlayaraq Sumqayıt şəhərinin tarixindən, son dövrlər görülən işlərdən, vəkillərin, habelə məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlığından danışıb, o cümlədən belə bir möhtəşəm sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mərasimdə Milli Məclisin deputatı Tahir Mirkişili, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov və Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev çıxış edərək vəkilləri peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışçılar hüquqşünasların fəaliyyətinin təbliğində mühüm rola malik olan sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
Sonda Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunu müdiri Anar Qasımlı iştirakçıların hər birinə təşəkkürünü bildirib və sərginin dekabrın 28-dək davam edəcəyini söyləyib.