EN

Əhali arasında yayılan dəhşətli "virus": Azərbaycan üçün böyük TƏHLÜKƏ

Son dövrlərdə “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında təşkil edilən əyləncə yarışları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu yarışların bir çoxunda əxlaqsızlıq, bayağılıq və etik dəyərlərin pozulması halları açıq şəkildə nümayiş etdirilir. Məhz buna görə də, hüquq-mühafizə orqanları belə şəxslərə qarşı ciddi tədbirlər görməyə başlayıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar zamanı bir neçə şəxs saxlanılıb və müvafiq araşdırmalara başlanılıb.

Lakin tənqid yalnız sosial şəbəkələrdə yayımlanan məzmuna deyil, həm də ənənəvi televiziya proqramlarına yönəlib. Cəmiyyətdə bir sıra populyar televiziya verilişlərinin – xüsusilə Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının və Elgiz Əkbərin aparıcılıq etdiyi proqramların – bağlanmasının mümkünlüyü müzakirə edilir. Bu verilişlərdə də müəyyən dərəcədə qalmaqallı və etik normalara uyğun olmayan hadisələrin işıqlandırılması ilə bağlı narazılıqlar var. Biz dəfələrlə bu verilişlərdə milli mənənəvi dəyərlərə yad olan hadisələr, biabırçı görünüşdə səhnəyə çıxan şəxslər və vulqar ifadələrin işlədildiyinin şahidi olmuşuq. 

Maraqlıdır, "Tiktok"da başlayan bu əxlaqsızlıq, bayağılıq və etik dəyərlərin pozulması hallarının aradan qaldırılması televiziyaya da yansıya bilərmi?

Məsələ ilə bağlı Ajans.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu məsələ uzun müddətdir ictimai narazılıq doğurur:

“Bu sahədə çox ciddi xaos var idi. Açıq-aydın dövlətin gözü qarşısında Azərbaycan xalqına qarşı mənəvi terror kampaniyası aparılırdı. İstənilən bir şəxs “TikTok”da canlı yayım açaraq kimisə təhqir edir, insanlara ağır söyüşlər söyürdü. Burada narkomaniya, zorakılıq, insan alveri və digər qeyri-qanuni əməllər açıq şəkildə həyata keçirilirdi. Axır ki, dövlət orqanları buna reaksiya verdi və əxlaqsızlığı təbliğ edən şəxslər saxlanıldı.”

Sosioloqun fikrincə, bu cür halların qarşısını almaq üçün dövlət ciddi tədbirlər görməli və sosial şəbəkələrin tənzimlənməsi üçün yeni qanunlar qəbul etməlidir. O qeyd edir ki, bəzi ölkələrdə oxşar sosial platformalar bloklanır və ya həmin platformalarda zərərli məzmun yayan səhifələr bağlanır:

“Bu hadisələr ilk deyil və son da olmayacaq. Bir neçə nəfərin saxlanılması ilə kifayətlənmək olmaz. Bu kimi hallar yüz minlərlədir. Dövlət sosial şəbəkələrlə bağlı xüsusi bir qurum yaratmalı və ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Sosial şəbəkə polisi yaradılmalı, bütün platformalar izlənməlidir.”

Elçin Bayramlı yalnız sosial şəbəkələrdə deyil, həm də ənənəvi televiziyada yayımlanan bəzi proqramlarda əxlaqi dəyərlərin pozulmasına diqqət çəkib. Onun fikrincə, bəzi televiziya proqramları bu problemlərin təməlini qoyub:

“Bu əxlaqsızlığın kökü məhz bəzi televiziya proqramlarından başlayır. 20-30 ildir ki, müəyyən proqramlar Azərbaycan xalqına qarşı mənəvi terror həyata keçirir. Onların yetirdiyi nəsillər indi sosial şəbəkələrdə öz fəaliyyətlərini davam etdirir. Bəzi televiziya proqramları bağlanmalıdır ki, bu bərbad nəticələrin qarşısı alınsın.”

Sosioloqun fikrincə, sosial şəbəkə və televiziya məkanında zərərli məzmunun qarşısını almaq üçün bəzi addımlar atılmalıdır:

"Sosial şəbəkələrin tənzimlənməsi və etik dəyərlərin qorunması üçün konkret şərtlər müəyyən edilməlidir. Bu sahədə pozuntuları aşkar edib qarşısını almaq üçün xüsusi qurum yaradılmalıdır. Qalmaqallı və etik dəyərlərə uyğun olmayan verilişlər bağlanmalı və ya məzmunları ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. Bu cür tədbirlərin görülməsi ilə həm sosial şəbəkələrdə, həm də ənənəvi mediada cəmiyyətin mənəvi dəyərlərinə uyğun məzmunun təmin olunması mümkün ola bilər".

Chosen
16
Ajans.az

1Sources