Bu gün uşaqların sevərək yediyi qidalardan biri də çipsidir.
Ancaq mütəxəssislər çipsinin zərərli olduğunu israrla deyir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, çipsi istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə olunur:
"Bir çox Avropa ölkələri bu cür malların əleyhinədir. Dünya bununla bağlı problem yaşayır. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qanun qəbul olunanda təklif irəli sürmüşdük ki, ölkəyə GMO mallarının gətirilməsinə qadağa qoyulsun. Bu gün ölkəmizdə kifayət qədər GMO əkilir, biçilir, satılır. Kartofdan hazırlanmış çipsilər də bura daxildir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar çipsilərin istifadə edilməsinə qarşıdır. Bizdə bunu müəyyən edən laboratoriya yoxdur, bu sahə ilə cəmi 10-15 adam məşğul olur. GMO-nun insan həyatına nə vaxt təsir edəcəyi bilinmir. Ancaq onlar çox təhlükəlidir. GMO malları təbiətin biomüxtəlifliyinə ciddi təsir göstərir. Çalışmaq lazımdır ki, uşaqlar çipsidən istifadə etməsinlər. Çünki , çipsinin çox güclü fəsadları var. Ümumiyyətlə, çipsi Avropa ölkələrində arzuolunmaz qidalar siyahısına daxildir".
Sevinc