EN

Dadaş Dadaşbəyli AAF tərəfindən ilin idmançısı seçildi

Bu il Avropa çempionu olmuş Dadaş Dadaşbəyli Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən ilin idmançısı seçilib.

Arena.az xəbər verir ki, o, AAF-ın ilin yekunlarına aid tədbirində bu ada layiq görülüb.

Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Sənaye Korporasiyasının baş direktoru və AAF-ın prezidenti Kamran Nəbizadə giriş sözü ilə çıxış edib.

Federasiyanın 2024-cü ildə qazandığı nailiyyətlərdən danışan Kamran Nəbizadə, idmana dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. O, ağırlıqqaldırma növündə qarşıya böyük hədəflərin qoyulduğunu xatırladaraq, cari ildə qazanılmış uğurların davamlı olacağına inandığını ifadə edib.

Daha sonra çıxış üçün söz, AAF-ın vitse-prezidenti Firdovsi Umudova verilib. Umudov bu il Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyalarının prezidentlərinin ölkəmizə səfərlərini xatırladıb. O qeyd edib ki, Avropa Ağırlıqqaldırma Akademiyasına ev sahibliyinin Azərbaycana verilməsində, adı çəkilən qurumlarla beynəlxalq əlaqələrin peşəkar səviyyədə qurulmasının böyük rolu olub.

Daha sonra 2024-cü ildə fərqlənmiş idmançı və məşqçilərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

2024-cü ildə Avropa çempionu olmuş, həmçinin dünya çempionatının gümüş medalını qazanmış ilin idmançısı seçilib. Dadaşbəylinin təltif edilməsindən sonra onun yarışlara hazırlanmasında xüsusi əməyi olan yığma komandanın böyük məşqçisi Asif Məmmədov ilin məşqçisi nominasiyası təqdim edilib.

Yığma komandanın baş məşqçisi Maxtı Makkayev federasiyadakı səmərəli fəaliyyətinə görə fərqlənib. Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi Səfərli isə ağırlıqqaldırma idman növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.

Chosen
1
2
arena.az

6Sources