EN

Tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq məkanı

Azərbaycanın multikultural və tolerant cəmiyyət modeli əsrlərdən bəri formalaşan zəngin mədəni irsi ilə yanaşı, dövlətin bu istiqamətdə apardığı siyasətin də mühüm nəticəsidir. Bu yanaşmanın əsasını qarşılıqlı hörmət, mədəniyyətlərarası dialoq və dini müxtəlifliyin qorunması təşkil edir. Prezident İlham Əliyevin bu günlərdə həm “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına, həm də  Roma Papası Fransisk Həzrətlərinə Müqəddəs Milad bayramı münasibətilə təbrik məktubları ünvanlaması bunun əyani nümunəsidir. Bu, Azərbaycan dövlətinin həm daxildə, həm də beynəlxalq arenada sülh və həmrəyliyə verdiyi dəyəri göstərir.

Dövlətimizin başçısı Forum iştirakçılarına məktubunda vurğulayıb ki, ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır: “Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir”.

Dünya miqyasında dini zəmində gərginliklərin artdığı bir vaxtda ölkəmizin bu nümunəvi yanaşması beynəlxalq sülhə və mədəniyyətlərarası dialoqa töhfə kimi qəbul edilir. Belə yanaşma həm din xadimlərinin, həm də cəmiyyətin bütün təbəqələrinin birgə səylərini tələb edir. Bu, təkcə Azərbaycanın daxili siyasətinin deyil, həm də qlobal miqyasda universal dəyərlərə sadiqliyinin göstəricisidir.

Forum iştirakçılarına məktubunda buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir : “Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”. Dövlətimizin başçısının bu fikirləri Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərindən birinin etnik-mədəni müxtəlifliyin qorunması və multikulturalizm dəyərlərinin təşviqi olduğunu bir daha sübut edir. Ölkəmizdə həyata keçirilən din siyasətinin demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə uyğun olması Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə insan hüquqlarına və dini azadlıqlara verdiyi əhəmiyyətin göstəricisidir.

Qeyd etmək yerinə düşər ki, hazırkı dövrdə tolerantlıq ideyalarının qorunmasına və inkişaf etdirilməsinə Prezident İlham Əliyev kimi səmimi çağırışlar edən liderlər dünya miqyasında azdır. Məsələn, Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olmaqla mənəvi dəyərlərin və multikulturalizmin təbliğində mühüm rol oynayır. Bu təşəbbüs çərçivəsində respublikamızda mütəmadi tədbirlər keçirilir və bu proses artıq beynəlxalq miqyasda qlobal hərəkata çevrilib. Ümumiyyətlə, indiyədək Bakı şəhəri 7 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib.

Ölkəmiz müxtəlif dinlər və mədəniyyətlər arasında sülh və harmoniya qurmağa yönəlmiş ardıcıl siyasəti ilə Vatikanda da yüksək qiymətləndirilir. Bu əməkdaşlıq Azərbaycanın qlobal səviyyədə sivilizasiyalararası dialoqun təşviqindəki rolunu və dini dözümlülüyünə verdiyi önəmi bir daha təsdiqləyir. Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlərin sevindirici olduğunu bildirib: “İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir”.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Fondun reallaşdırdığı bir çox layihələr mədəniyyətlərarası əlaqələrin inkişafına və Vatikandakı təsisatlarla əməkdaşlığın dərinləşməsinə töhfə verib. Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi onun bu sahədəki əzmkarlığını və göstərdiyi mühüm töhfələri bir daha təsdiqləyir.

Nigar Orucova, “İki sahil”

Chosen
17
ikisahil.az

1Sources