EN

Müxalifət Baş naziri topa tutdu– Xəyanətdir!

Slovakiyanın müxalif “Azadlıq və Həmrəylik” partiyası (SaS) Baş nazir Robert Fitsonun Rusiya prezidenti Vladimir Putinlə görüşünü kəskin tənqid edərək, bu addımı ölkəyə və müttəfiqlərə xəyanət adlandırıb.

News24.az“European Pravda”ya istinadla xəbər verir ki, bu barədə SaS-ın bəyanatında bildirilib.

Partiya bəyan edib ki, Fitsonun bu görüşü Slovakiya üçün biabırçılıqdır.

“Əli dirsəklərinə qədər qan içində olan Putinlə nəyisə müzakirə etmək təkcə ölkəmizin və xarici siyasətimizin deyil, həmçinin Aİ və NATO-dakı müttəfiqlərimizin maraqlarına xəyanətdir”, – SaS sədri Branislav Qrölinq bildirib.

O, əlavə edib ki, Fitso özünü suveren bir ölkənin başçısı kimi deyil, sadəcə, bir əməkdaş kimi aparır.

Branislav Qrölinqin fikrincə, Fitsonun Moskvaya səfəri Slovakiyanı beynəlxalq təcridə sürükləyib.

“Biz Vladimir Putinə və bütün Rusiyayönlü siyasətçilərə bəyan edirik ki, Robert Fitso bütün Slovakiya xalqının adından danışmır”, – Qrölinq vurğulayıb.

Qeyd edək ki, bazar günü Robert Fitso Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. O, bu səfəri barədə Avropa İttifaqının liderlərini məlumatlandırdığını bildirib. Litva prezidenti Gitanas Nauseda da Fitsonun bu addımını tənqid edib. Çexiya rəhbərliyi də bu səfərə mənfi reaksiya göstərib./yenicag.az


Chosen
7
1
news24.az

2Sources