EN

Hərbi rütbəlilər və ailə üzvlərindən nəyə görə tibbi sığorta pulu tutulur? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda hərbi rütbəlilərin və onların ailə üzvlərinin tibbi xidmətləri, müayinə və müalicəsi onların çalışdığı dövlət qurumlarının tabeliyində olan xüsusi tibb müəssisələrində aparılır. Belə olan halda həmin şəxslərin və mülki işlərdə çalışan ailə üzvlərinin də aylıq əmək haqlarından icbari tibbi sığortaya görə pul çıxılır. Yəni onlar hərbi hospitalda qeydiyyatdadır və onların tibbi xidməti və müayinə, müalicəsi hospital tərəfindən aparılır. Bəs o zaman aylıq maaşdan icbari tibbi sığortaya nəyə görə əlavə pul çıxılır?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidən (İSDA) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı yeni qayda müəyyənləşib:

"1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığorta haqları toplanılır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa 27 müqaviləli tibb müəssisəsindən birinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir".

İSDA-dan bildirildi ki, sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına dəyişikliklər edilib:

"Qaydada edilmiş əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir".

Qeyd edildi ki, sığortaolunan dedikdə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur və həmin şəxslərə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) aid edilmir.

Chosen
10
1
musavat.com

2Sources