Qırmızı dəniz üzərində ABŞ təyyarəsi vuruldu, ikinci təyyarə də az qala eyni taleyi yaşayacaqdı...
Musavat.com xəbər verir ki, dekabrın 21-də, ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18 Super Hornet təyyarəsi "dost atəşi" nəticəsində Qırmızı dəniz üzərində vurulduğu gecə, ikinci bir döyüş təyyarəsi də eyni taleyi yaşamaq təhlükəsindən son anda qurtulub. Təyyarə USS Harry S. Truman təyyarədaşıyan gəmisinə enişə hazırlaşarkən, ikinci raket atılıb. Lakin təyyarə son anda zərbədən yayına bilib.
Rəsmi məlumatlara görə, USS Gettysburg-dan buraxılan ikinci SM-2 raketi ilə bağlı araşdırmalar davam edir. Raketin ikinci təyyarəni hədəflədiyi və ya yönləndirmə sisteminin qəsdən deaktiv edilib-edilmədiyi araşdırılır.
Mərkəzi Komandanlıq ilk insidentlə bağlı açıqlamasında bildirib ki, hadisə səhvən yaşanıb, raket təyyarəni səhvən vurub.
Vurulan təyyarə yanacaqdoldurma missiyasını tamamlayaraq bazaya qayıdırmış. Pilot və silah sistemi operatoru raketdən üç saniyə əvvəl katapult vasitəsilə təyyarəni tərk edərək xilas olub. Onlar helikopter vasitəsilə xilas ediliblər, bir nəfər yüngül xəsarət alıb.
İlk hadisə ABŞ Mərkəzi Komandanlığı tərəfindən təsdiqlənsə də, ikinci təyyarəyə də atəş açıldığı indiyədək açıqlanmamışdı. Məlumata görə, "kreyser az qala iki təyyarəni vurmuşdu".
Həmin gecə ABŞ qüvvələri İran dəstəkli husilərə məxsus raket anbarına və komanda idarəetmə məntəqəsinə zərbələr endirmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotları insidentlə bağlı narazılıqlarını ifadə edərək USS Gettysburg heyətinin təlim səviyyəsini "yetərsiz" adlandırıblar. Hazırda hadisə ilə bağlı təhqiqatlar davam edir.
Musavat.com