EN

Qərb təzyiq və təhdidlərin ünvanını səhv salıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərarın yekdilliklə qəbulundan sonra daha da quduzlaşan ABŞ-ın ermənilər tərəfindən maliyyələşdirilən konqresmenləri, Qərbin anti-Azərbaycan dairələri ölkəmizə qarşı informasiya təxribatlarını, təhdidlərini sürətləndirdilər. Hibrid təhdidlərdən, dezinformasiya kampaniyalarından, kiberhücumlardan, iqtisadi blokada xəbərdarlıqlarından, siyasi manevrlərdən, diplomatik təzyiq alətlərindən istifadə etməklə ermənilərə dəstək göstərənlər başqalarını da mənfur niyyətlərinə şərik edirlər. Ağ Evin Bayden administrasiyasının, Qərbin çoxistiqamətli qarayaxma kampaniyalarına baxmayaraq niyyətlərini gerçəkləşdirə bilməyən rəzillər COP-29 uğurla başa çatmasından ikiqat məyus oldular.

Eyni mənbədən qaynaqlanan xəyanətlərini həqiqət kimi qələmə verməyə çalışanlar, özlərinin maraqlarına uyğun hazırladıqları suallarını belə manipulyasiya yolu ilə cavablandıranlar heç bir səlahiyyətləri olmayan anti-Azərbaycan ruhlu qeyri-hökumət təşkilatlarından istifadə etməklə ölkəmiz əleyhinə çirkin kampaniya aparsalar da niyyətlərinə çata bilmədilər. COP29-un keçirildiyi ərəfədə AŞPA-nın, Avropa Parlamentinin, ABŞ, Niderland, Fransa və İsveçrə kimi ölkələrin parlamentləri səlahiyyətləri çatmasa belə Azərbaycanın daxili işlərinə qarışmağa çalışsalar da bütün cəhdləri boşa çıxdı. ABŞ Konqresində anti-Azərbaycan çıxışları ilə ermənilərin dostu adlandırılan, ölkəmizə qarşı qətnamələrin qəbulunda canfəşanlıq edən, həyat yoldaşı erməni əsilli olan, çıxdaş siyasətçi kimi ortada quyruq bulayan Bob Menendes kimi başqalarının da xəyalları suya düşdü.

Azərbaycanda guya «insan hüquqlarının pozulması» ilə bağlı qəbul olunan qətnamələrin eyni mənbədən qaynaqlandığının sübuta ehtiyacı yoxdur. «Human Rights Watch» və «Freedom House» kimi korrupsiyalaşmış təşkilatlardan istifadə etməklə ölkəmizə qarşı informasiya cəbhəsi açanların oxşar tezislərində yer alan müharibə cinayətləri törədənlərin, qatı separatçıların azadlığa buraxılması kimi təhdidlərin heç bir əsasının olmadığını həmin qulbecələr daha yaxşı bilirlər. Niderland Parlamenti Nümayəndələr Palatasının üzvləri, erməni lobbisinin maliyyələşdirdiyi İsa Kahraman və Don Sederin müəllifi olduqları iki anti-Azərbaycan qətnaməsi də əvvəlkilərlə eynilik təşkil edir. Təxribatlarının «təsir gücünü» artırmaq üçün kampaniya halında fəaliyyət göstərən, mənzil qərargahı Nyu-Yorkda yerləşən «Human Rights Watch» kimi təxribatçılardan istifadə edən ABŞ-ın satılmış konqresmenləri Azərbaycan əleyhinə 65-dən artıq yazı ilə təxribatlarını davam etdirirlər Təşkilatın İdarə Heyətinin həmsədri Emi Raonun erməni əsilli Ruben Vardanyanın Avropadakı şirkəti ilə əlaqəsini xatırlatmaqla məsələnin mahiyyətini açıqlamağa ehtiyac duymuruq. Bu arada NATO-nun sabiq Baş katibi Adres Foq Rasmussenin «Rasmussen Global» şirkəti və onun rəhbərliyi ilə fəaliyyət göstərən «Ermənistanın dostları şəbəkəsi»nin təxribatlarını da unutmaq olmaz. COP29-la bağlı Azərbaycana qarşı kampaniyada fəal iştirak edən həmin şirkətin əməkdaşları erməni lobbisi ilə yaxından əlaqə saxlayırlar. Məqsəd dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında Azərbaycana təzyiq mexanizmlərini sərtləşdirməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını çirkin əməllərinə cəlb etməklə ölkəmizə qarşı kütləvi hücumlar təşkil etməkdir. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyənlərin də niyyətləri baş tutan deyil.

Qlobal məsələlərdə neytrallığını qoruyan İsveçrə parlamentini də anti-Azərbaycan təxribatlarına qoşmaqla Ermənistana dəstək göstərən Fransa Prezidenti Emmanuel Makronun niyyəti bəllidir. Bəzi beynəlxalq təşkilatların mənzil qərargahının İsveçrədə yerləşməsindən yararlanmağa çalışan Makronun dəstəklədiyi deputat Eriks Fontobelin müəllifliyi ilə «Dağlıq Qarabağ: Sülh Forumu» adlı bədnam qətnamənin qəbul edilməsi də göstərir ki, müxtəlif istiqamətlərdən Azərbaycana qarşı təxribatlarını davam etdirən Qərbin əlində alət olanları maliyyələşdirən erməni lobbisinin istəyinə uyğun diplomatik korpusun təmsilçilərinin də olması qəbuledilməzdir. Bu baxımdan ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatı Ermənistanın cinayətlərinə haqq qazandırmaqdan başqa bir şey deyildir.

Bir müddət əvvəl Amerika Konqresinin 60 üzvünün Azərbaycana təzyiq göstərilməsi ilə bağlı Dövlət Departamentinin müraciəti olmuşdu. Bu haqsızlığa etiraz edən Milli Məclis üzvlərinin yaydığı müraciətdə haqlı olaraq rəsmi Vaşinqtonla 1997 və 2013-cü illərdə müdafiə məsələləri ilə bağlı imzalanmış müqavilələrə xitam verilməsi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyətinə son qoyulmasını tələb edilir. COP29-a ev sahibliyi edən Azərbaycana hansısa məsələni qəbul etdirmək niyətində olan ABŞ Senatının və Konqresin Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciətdə də erməni ruhu duyulurdu. Azərbaycanda «insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu, Ermənistanı müharibə ilə hədələmə, beynəlxalq hüquqa əməl edilməməsi ilə bağlı» yalan məlumatları əsas gətirən amerikalı senator və konqresmenlərin Bakıya təzyiq göstərmək cəhdləri də baş tutmadı.

Bu kimi iyrənc təzyiqləri, Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan «Azadlığı Müdafiə aktı»na bədnam 907-ci düzəlişlə bağlı iradlarını «düşmənçilik siyasəti» adlandıran, ikili standartlar siyasətinə etirazını «Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?... Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi separatizmə dəstəkdir.

Əksinə, Ermənistanı dəstəkləyənlər bilməlidirlər ki, kəskin ritorika sülhü yaxınlaşdırmır, uzaqlaşdırır. Torpaqlarımız iğal altında qalanda rəsmi Bakıya «Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın» mesajları göndərənlər bu gün qalib Azərbaycana münasibətlərini dəyişmək istəmirlər. Zəfərimizi qəbul etməyən ATƏT-in artıq dəfn olunmuş Minsk qrupunun dili ilə danışanlar, «Bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur» deyən Qərb hər zaman çirkin əməllərdən istifadə edərək xalqımızı məğlubiyyətlə barışmağa çağırırdı. «Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi» söyləyən Prezident İlham Əliyev qətiyyətlə bildirirdi ki, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır.

Amerika Konqresinin ermənipərəst konqresmenlərinin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Ağ Evə müraciət etməsi, ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Ermənistana züy tutmasının sətiraltı mənası bəllidir. İllərdən bəri hayların xalqımıza qarşı törətdikləri terrorları, soyqırımları, fiziki, ekoloji cinayətləri ört-basdır edərək «nə üçünləri» cavablandırmaqdan yayınan Bayden administrasiyası, Qərb, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun hələ də anti-Azərbaycan təxribatlarını davam etdirmələri «Gəlin sındıran qabın səsi çıxmaz!» məsəlinə bənzəyir.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
43
ikisahil.az

1Sources