Saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür
Dekabrın 23-də hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib və 6 nəfər vəzifəli şəxs saxlanılıb. Hələlik onlardan yalnız birinin kim olduğu bəllidir. Həmin şəxs adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bildirib ki, bir ildən artıqdır ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrah tərəfindən saxta plastik cərrahlarla bağlı müraciət olunub. O qeyd edib ki, aidiyyəti qurumlarla birgə ilkin araşdırmalar aparılıb. “Araşdırmalar nəticəsində saxta həkimlərin sosial media vasitəsilə vətəndaşlara yalnış məlumat verərək, onları özlərinə cəlb edərək, saxta müalicə üsulları kimi cinayət əməlləri aşkar edilib. Bununla əlaqədar toplanmış materiallar Baş Prokurorluğa göndərildi və işçi qrupu yaradıldı. Bu saxta cərrahlarla bağlı məlumatlar jurnalist araşdırması nəticəsində cəmiyyətə təqdim edildi. Lakin bununla bağlı bir ilə yaxındır ki, işlər görülüb. Müəyyən normativ aktlar qəbul edilib, ixtisas dəyişdirmələri dayandırılıb. Hər bir şəxs barədə xüsusi araşdırmalar aparılıb”.
Qəzet çapa hazırlanarkən rəsmi açıqlama olmadığından daha hansı vəzifəli şəxslərin saxlanıldığı bəlli deyil. Ancaq nəzərə alsaq ki, hazırkı həbslər bir müddət əvvəl Baş Prokurorluq və DİN-in saxta plastik cərrahlarla bağlı araşdırması çərçivəsində baş tutub, o zaman saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür.
Bakupost.az yazır ki, Azərbaycanda son 14 ildə müxtəlif sahələrdən olan həkimlərə plastik cərrah sertifikatının verilməsi prosedurunun necə həyata keçirilməsi müəmmalarla doludur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsəddilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib. Bu qaydaların təsdiqindən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.
Ancaq buna baxmayaraq, həmin tarixdən sonra da plastik cərrahlara Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikatlar verilməkdə davam edib. Bəzi plastik cərrahların sosial şəbəkədə paylaşdıqları sertifikatlar da bunu təsdiq edir. Maraqlıdır, 2010-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitunda plastik cərrahlar üçün kursların qadağan edilməsindən sonra Sertifikasiya Komissiyası hansı əsasla müxtəlif sahə həkimlərinə plastik cərrah sertifikatı verib?
Ancaq faktiki olaraq, son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb.
Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümkün deyil. Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az-a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb: “İlqar müəllin heç vaxt sertifikasiya komissiyasının sədri olmayıb. O, nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Sertifikatları komissiya hazırlayır, verir Səhiyyə Nazirliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”