EN

Vardanyanın oğlu, Klintonun qızı - İFŞA EDİLDİLƏR

COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub: məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?

COP29-a qarşı kampaniyanın genişlənməsinin səbəblərindən biri PR sahəsində ixtisaslaşmış şirkətlərin cəlb edilməsi və mənfi imic formalaşdırılması idi. Bu barədə Milli Məclisin xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə üzrə komissiyasının hesabatında deyilir. Report.az verir ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi varlı iş adamlarının maliyyə imkanlarından və şəxsi əlaqələrdən istifadə edərək Azərbaycana qarşı hibrid hücumlar təşkil etdikləri üzə çıxıb. 

“Vardanyan-Afeyan duetinin anti-Azərbaycan kampaniyasında taktikası öz layihələrinə tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, varlı amerikalı iş adamlarını, nüfuzlu ailələrin nümayəndələrini və məmurları cəlb etməkdən ibarət idi. Onlar insanların etibarından sui-istifadə edərək, təsis etdikləri "Avrora" Humanitar Təşəbbüs Fondu və “Avrora Mükafatı” vasitəsilə xeyriyyəçilik adı altında fəaliyyətlərini həyata keçiriblər.

Klintonun

Xüsusilə, Klinton cütlüyünün qızı Çelsi Klinton Avrora Mükafatı üçün seçim komitəsinə qatılıb. Komitənin üzvləri arasında Azərbaycan əleyhinə fəaliyyətdə və Azərbaycanda keçirilən COP29-un ləkələnməsi ilə məşğul olan şəxslər də var. Milli Məclisin hesabatında göstərilir ki, Vardanyanlar ailəsi bu işə adları bir sıra qalmaqallarda hallanan “Edelman” PR şirkəti və “Perseus Strategies” hüquq firmasını cəlb edib. Məqsədləri Azərbaycana qarşı kütləvi hücumlar təşkil etmək, beynəlxalq dəstək almaq, petisiya və məktublar şəklində təzyiq göstərmək, müxtəlif məmurları, özəl qurumları və media strukturlarını cəlb etməkdir. Onların yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı olmaq üçün Ruben Vardanyanın müdafiə kampaniyasına guya 109 ölkədən, o cümlədən Azərbaycandan dəstək görüntüsü yaradırlar. Sadəcə olaraq, ölkələrin adlarını və qondarma adları yazmaqla, onlar kütləvi iştirak görüntüsü yaratmaq istəyirlər", - deyə hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, “Ruben Vardanyan və digər erməni liderlərin Azərbaycanda siyasi həbslərinin ildönümünü qeyd edirlər” mesajı Edelmanın hansı dövlət və təşkilatlarla işlədiyini göstərir. “Fransa PR şirkəti Havas da bu məsələdə Vardanyan ailəsinə xüsusi dəstək verir. Yeri gəlmişkən, adı bir çox qalmaqallarda hallanan Edelman şirkəti ilə bağlı maraqlı bir fakt, "The Guardian"ın araşdırmasının sübut etdiyi kimi, 10 il əvvəl o, iqlim dəyişikliyi və qlobal istiləşməni inkar edən şirkətlərə xidmət göstərirdi", - deyə hesabatda bildirilir.

"Perseus Strategies" və onun lideri Jared Genserə gəlincə, o, Vardanyanlar ailəsinin hüquq müşaviri kimi anti-Azərbaycan fəaliyyəti ilə yanaşı, yaratdığı beynəlxalq insan haqları “Freedom Now” qeyri-hökumət təşkilatı vasitəsilə Azərbaycana qarşı geniş kampaniya aparır. “Freedom Now” digər “tanınmış” QHT-lərlə birləşərək ardıcıl olaraq anti-COP və anti-Azərbaycan fəaliyyətlərini davam etdirirdi. Bunu fotofaktlar da təsdiqləyir.

MM hesabatında daha bir maraqlı fakt Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru argentinalı Luis Moreno Ocampo ilə bağlıdır: “O, Raoul Wallenberg İnsan Hüquqları Mərkəzinin Beynəlxalq Hüquq Məsləhət Şurasının üzvüdür. Təşkilatın Amerika üzrə sədri "Perseus Strategies"in baş direktoru Jared Genserdir. Eyni zamanda "El Armenio" kimi tanınan erməni əsilli argentinalı milyarder Eduardo Eurnekian Vallenberqin adını daşıyan Beynəlxalq Raoul Wallenberg Fondunun sədridir". Sənəddə qeyd olunur ki, iki təşkilat arasında adların oxşarlığı ilə yanaşı, onların rəhbərləri arasında da yaxın münasibət var: “Okamponun Eurnekyanın həmyerlisi olması şübhələri daha da gücləndirir. Təkcə son bir ayda o, Səhifə X-də Azərbaycana və COP29-a qarşı 120-dən çox qərəzli paylaşım edib. Ehtimal olunur ki, Okamponun beynəlxalq tədbirlərdə və mediada, o cümlədən sosial şəbəkələrdə Azərbaycana və COP29-a qarşı çox aqressiv fəaliyyəti və ölkəmizə qarşı qərəzli reportaj hazırlamasının arxasında məhz bu əlaqələr dayanır”.

Hesabatın ANCA-ya aid hissəsində profillərin əksəriyyətinin saxta hesablardan koordinasiyalı və kütləvi istifadə faktları göstərilir: “Saxta profillər COP29-la əlaqəli yazılara eyni məzmunlu avtomatlaşdırılmış cavablar göndərir, eyni zamanda ictimai rəyi çaşdırmaq üçün bot sistemləri və mövzulardan istifadə edərək məzmunu manipulyasiya edir”. Beləliklə, Bakıda həbsdə olan separatçı Vardanyanın oğlu, ABŞ-ın keçmiş prezidenti Klintonun qızı və digər anti-Azərbaycan mərkəzlər, müxtəlif ermənipərəst şirkətlər total bir hücum kampaniyası təşkil ediblər və COP29-la bağlı ölkəni gözdən salmağa çalışıblar. Azərbaycan bu şəbəkənin ifşasından sonra nə kimi siyasi və hüquqi addımlar ata bilər? 

Xəyal

Xəyal Bəşirov

“Yeni Müsavat”ın sualını cavablandıran Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, COP29 İqlim Dəyişikliyi Konfransı təkcə Azərbaycanın yox, dünyanın tədbiri idi: “Bu tədbir çərçivəsində qlobal mövzular müzakirə edilirdi və Bakı ev sahibi idi. Əgər bu konfransın fonunda Azərbaycana hibrid hücumlar təşkil olunubsa, deməli, yalnız COP29 məsələsi deyil. Çünki daha sonra da hibrid təhdidlər davam etdirildi. Onu da bilməliyik ki, sabah da bu kampaniyalar aparılacaq. Ona görə biz "iqlim dəyişikliyi konfransı geridə qaldı" deyib bu hadisələri unuda bilmərik, yenə də qərəzli münasibət davam edir. Çünki COP29 əleyhinə yox, niyə bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı əleyhimizə səfərbər olmuşdular". Hüquqşünas hesab edir ki, Azərbaycan xain qüvvələrin planını pozdu, tədbiri yüksək səviyyədə təşkil etdi: “Məlumdur ki, belə hibrid təhdidlərin arxasında dünyadakı prosesləri idarə edən qüvvələr dayanır. İndi hansı addımlar atmağa başlasaq, onlar bizə müdaxilə edəcəklər. Təbii ki, müttəfiqlərimiz var və onlarla birgə fəaliyyət göstərə bilərik. Məsələn, Frankofoniya təşkilatında Azərbaycan əleyhinə qətnamənin qəbuluna mane olduq. Halbuki təşkilatda Fransanın təsiri altında olan dövlətlər var idi. Yəni biz də boş oturmalı deyilik, bu kimi addımlarımızı davam etdirməliyik. Nəzərə alaq ki, bu hücumların ardı-arası kəsilmir və maneə qoymasaq, yenə hibrid kampaniya olacaq. Biz ən azından ənənənin qarşısını almaq üçün addımlar ata bilərik. Məsələn, həmin şəxsləri "persona non-qrata" elan edə bilərik. Necə ki Şavbe ilə bağlı bu addımı atdıq, COP29-da iştirak edə bilmədi. Ona görə də Azərbaycan beynəlxalq nüfuzundan və əlaqələrindən istifadə edərək həmin güclərin ifşası ilə bağlı prosesi sürətləndirməlidir. Eyni zamanda beynəlxalq tədbirlərə ev sahibliyini də davam etdirməliyik və görməlidirlər ki, onların qara piar kampaniyası nəticə vermir". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Chosen
35
1
musavat.com

2Sources