EN

Allen Dallesin planı necə baş tutdub?- Azər Qismət yazır

Bəli, Allen Dallesin planı baş tutub. Hərdən mənə elə gəlir ki, bizim ölkənin sakinlərinin timsalında məxfi plan xüsusilə tez alınıb. Biz inteqrasiyanı ildırım sürəti ilə həyata keçirdik. Sanki, adama elə gəlir ki, bu ölkənin qan yaddaşı, milli adət-ənənələri olmayıb, nizam-intizam çərçivəsində yaşamayıb. Bunların necə tez unudulması doğrudan da heyrətamizdir.
İkinci dünya müharibəsinin qurtarmasına az qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dallesin məxfi tapşırıqlarının birində yazılıbmış: "...Müharibə qurtarandan sonra biz bütün resursları, sərvətləri, qızıl və maddi vəsaitləri adamların düz yoldan sapdırılmasına yönəldərik. İnsan beyni və şüuru dəyişməyə qadirdir, biz də insanların şüurunda xaos yaradıb, gözə görünmədən, hiss olunmadan onları saxta dəyərlərə inanmağa məcbur edəcəyik...". Dallesin planının alınmasına misal kimi göstərə bilərəm ki, artıq yeni dəyərlər formalaşıb. Valideynlərə hörmətsizlik, ailələrdə bir-birini eşitməzlik, uşaqların böyükləri dinləməməsi, oğulun atanı polisə verməsi, erkən yaşlı qızların analıq statistikasının artımı. Bütün bunlar sadə görünə bilər. Ancaq dərinə gedəndə aydın olur ki, dövlətin laxladılması üçün bütün təbəqələrdən olan adamlar ləyaqətini itirməli, tarixini unutmalı, zombiləşmiş nəsil yetişməlidir.
Dallesin planında daha sonra yazılıbmış: “Biz o sənətkarları müdafiə edəcəyik ki, insan şüuruna seks, zorakılıq, sadizm (qəddarlıq, amansızlıq, başqasına əzab verməkdən həzz almaq!), satqınlıq, xəyanətkarlıq, əxlaqsızlıq və s. bu kimi qəbahətləri yeritsinlər. Biz dövlətin idarə olunmasında xaos və qarışıqlıq yaradarıq...". Dallesin planının alınmasını hər gün hiss edirik. Yuxarıda göstərilənləri xalqın şüuruna yeritməyə çalışanların ətrafında yüzlərlə, minlərlə müdafiəçi də peyda olur. Adama elə gəlir ki, müdafiə hardasa kənardan - mərkəzləşmiş qaydada təşkil edilir.
Yenə həmin çıxarışdan: "...Şərəf və ləyaqət gülüş obyekti olacaq, onlara keçmişin qalığı kimi baxılacaq. Biz işimizi gənc nəsildən, uşaqlardan başlayacağıq. Həyasızlıq, yalan, sərxoşluq, narkomaniya, satqınlıq, millətçilik, xalqlar arasında düşmənçilik - bax, bütün bunları çevik şəkildə, hiss olunmadan yayacağıq. Beləliklə, biz nəsilləri ardıcıl olaraq pozacağıq. Uşaq və gəncləri pozmaqla, onları casus və kosmopolit (öz millətinə, xalqına xor baxan, vətənçilik hissini itirən adam!) edəcəyik...".
Bütün bunlar Allen Dallesin 1945-1962-ci illərdə hazırladığı Məxfi Proqramdan çıxarış idi. Dalles sağ olsaydı, deyərdim ki, sənin proqramın alındı. İndi ləyaqətli adama gülürlər. İndi geyimini bilənə hırıldayırlar. İndi böyüklərə, adət-ənənələrə hörmət edənlərə qəhqəhə çəkirlər. Və ləyaqətli adamlar evdən çölə çıxmağa qorxur. Çünki daha onları gözləyən yoxdur.
Azər Qismət, yazıçı-publisist
Chosen
7
news365.az

1Sources