EN

Qəza ilə bağlı cinayət işi başlanıb - Prokurorluq

Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Qeyd olunub ki, cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib:

"Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır".

Chosen
7
49
herbiand.az

10Sources