EN

Mövsümün rekordlu oyunları

Misli Premyer Liqasında futbolçular ötən 18 turda baş tutan 90 oyunda fərqli statistik göstəricilər nümayiş etdiriblər.

İdman.biz futbolçuların hansı xüsusiyyətlərə görə hansı oyunlarda seçildiyini araşdırıb.

Ötən turlarda cəmisi 2 het-trik qeydə alınıb və hər ikisi Davit Volkova məxsusdur. “Zirə”nin forvardı “Səbail” və “Sumqayıt” ev oyunlarında 3 qol vurub. 9 futbolçu dubla imza atıb ki, onların sırasında bunu 2 dəfə edən “Qarabağ”ın futbolçusu Leandro Andradedir (“Neftçi” ilə səfər, “Səbail”lə ev oyunlarında).

Qol ötürmələrini bir oyunda 2 dəfədən artıq edən olmayıb. Assistentlik dublunu 2 dəfə edən tək futbolçu “Sabah”ın oyunçusu Boyan Letiçdir (“Qarabağ” və “Səbail”lə səfər oyunlarında).

Assistentlik cəhdlərinin bir çoxu son zərbəni endirənin hücumu qolla tamamlanmaması ucbatından heçə enir. Bu baxımdan son zərbənin nəticəsindən asılı olmayaraq bir oyunda komanda yoldaşlarını ən çox qol vəziyyətinə çıxaran Rafael Quzzo (“Neftçi”) və Boyan Letiçdir (“Sabah”). Quzzo “Səbail”lə ev, Letiç isə “Qarabağ”la səfər matçında 6 dəfə komanda yoldaşlarına qol şansı yaradıblar.

Bir oyunda ən çox ötürmə edən Mateus Silvadır. “Qarabağ”ın müdafiəçisi “Zirə” ilə ev oyununda 115 ötürmə verib ki, onların da 111-i dəqiq olub. O, hər iki göstərici üzrə mövsümün rekordçusudur.

Kilan Lebon (“Neftçi”) “Şamaxı” ilə ev və “Sumqayıt”la səfər oyunlarının hər birində 14 uğurlu driblinq edərək bu sahədə ən yaxşı olub.

“Şamaxı”nın oyunçusu Vasiliye Bakiç bir oyunda topu təhlükəli zonadan ən çox uzaqlaşdıran futbolçudur. O, Tovuzda yerli komanda ilə oyunda bunu 10 dəfə edib.

Məmməd Hüseynov bir oyunda ən çox seyv edən qapıçıdır. “Kəpəz”in qolkiperi “Qarabağ”la səfər oyununda 10 dəfə komandasını qoldan xilas edib.

Vüqar Məmmədov
İdman.biz

Chosen
20
idman.biz

1Sources