EN

Aktauda AZAL-a məxsus təyyarə qəzası: hadisələrin xronologiyası

25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bakı vaxtı ilə saat 10:30-da təyyarənin Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğraması barədə Qazaxıstan tərəfinə ilkin məlumat daxil olub. Dərhal əraziyə Qazaxıstan FHN-nin canlı qüvvə və texnikası göndərilib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Operativ Media" açıqlanan rəsmi rəqəmlərə istinadən xəbər verir ki, 67 nəfərdən 37 nəfəri Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı olub.

Onlardan 29 nəfər xəstəxanaya çatdırılıb. Sağ qalanlardan 14 nəfəri Azərbaycan vətəndaşı olub. 

Qrzonıyə uçan təyyarənin eniş edə bilməməsinin səbəbi kimi qatı duman göstərilib. Təyyarə Mahaçqalaya yönəldilib lakin oradan sorğuya cavab ala bilməyən pilotlar Aktauya enmək barədə qərar veriblər. Qəzadan sonra təyyarənin gövdəsindən naməlum dəliklərin aşkarlanması sosial şəbəkələrdə böyük müzakirə yaradıb. 

Hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri qayıdıbmüşavirə keçirib. 

Ölkə başçısı müşavirədə bildirib ki, hadisənin səbəbləri məlum deyil, qəza ilə bağlı bir neçə versiya var. 

Prezidentin sərəncamı ilə hadisənin araşdırılması üçün komissiya yaradılıb. 

Tərkibində FHN və RİNN rəhbərlərinin də olduğu heyət Prezidentin tapşırığı ilə Qazaxıstana göndərilib. 

Baş Prokurorluq hadisə ilə əlaqədar cinayət işi açıb. 

Prezidentin sərəncamı ilə 26 dekabr Azərbaycan Respublikasının ərazisində matəm elan edilib. 

Qeyd edək ki, təyyarənin qara qutusu tapılıb və istintaq işinə maddi sübut kimi əlavə edilib.

Qəzadan sonra AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırıb. 

Hadisə ilə əlaqədar dünya liderləri Azərbaycana başsağlığı veriblər.

1Sources