EN

Hərəkət dayandırılıb, gəmilər fit verib - Sükut anı

Bu gün saat 12:00-da Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Teleqraf.com-un məlumatına görə, Bakı buxtasına yan alan gəmilər fit verib və ölkə ərazisində hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bununla əlaqədar Azərbaycan Dövlət Bayrağı yarıya qədər endirilib.


Müəllif: Teleqraf.com
Chosen
4
1
teleqraf.com

2Sources