QHT.az-a özəl açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva təşkilatın fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, 2003-cü ildə yaradılan təşkilatın əsas missiyası qadın və uşaqların hüquqlarının müdafiəsi, ailələrin sosial və iqtisadi gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, insan alveri və məişət zorakılığı qurbanlarına sosial, hüquqi və psixoloji yardım göstərilməsi, qurbanların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıdır.
Zenfira Mustafayeva bildirib ki, təşkilat bir yardım mərkəzi kimi fəaliyyət göstərir və qurbanlar hüquqşünasların, psixoloqların, sosial işçilərin xidmətlərindən daimi şəkildə yararlana bilirlər. Təşkilat bu illər ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edib.
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uzun illərdir risk qrupuna daxil olan ailələrin maarifləndirilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk," - deyə Zenfira Mustafayeva qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az