EN

Hava limanları təyyarəmizi qəbul etməyib? - “Zədələnərək Qazaxıstana göndərilib”

Ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması xəbəri dünya gündəmini zəbt edib. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

Redaktor.az xəbər verir ki, qəzadan dərhal sonra hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı bir neçə versiya səsləndirilib. Bunlar arasında təyyarənin quş sürüsü ilə toqquşması, əlverişsiz hava şəraiti, eləcə də kənar təsirə məruz qalması olub. 

Yayılan videolardan birində yaradılan dövlət komissiyasının azərbaycanlı üzvlərinin təyyarənin qalıqlarına baxaraq onu analiz etdiyi görünür. Onlar təyyarənin quyruq hissəsindəki dəliklərin hansı səbəbdən yarana biləcəyini müzakirə edir, onların çöldən içəri doğru olduğunu qeyd ediblər. 

Bundan başqa, diqqətçəkən məqamlardan biri də hadisə şahidlərinin lentə alınan videolarla bağlı dövlət rəsmilərinə verdiyi məlumatlardır. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova təqdim edilən videoda təyyarə hələ havada olarkən onun sol qanad hissəsində zədə olduğu görünür:

“Baza” teleqram kanalının mənbələrinə istinadən yazdığı məlumata görə, AZAL-ın “Embraer 190” tipli təyyarəsi Bakı-Qroznı reysini həyata keçirən zaman Çeçenistan paytaxtının hava limanı Ukrayna tərəfindən pilotsuz uçuş aparatı ilə hücum təhlükəsinə görə təyyarələri qəbul etməyib. Qroznı hava limanı isə duman səbəbindən reysin Mahaçqalaya, oradan isə Aktauya yönləndirildiyini açıqlayıb.

“Rosaviasiya” isə qəzaya səbəb kimi quşlarla toqquşmanı əsas gətirib. Bildirilib ki, bundan sonra təyyarənin kapitanı Aktauya ehtiyat aerodroma uçmaq barədə qərar qəbul edib. Bununla belə, Qazaxıstan mediasında, təyyarənin göyərtəsində oksigen balonunun partlaması barədə iddialar yayılsa da, bu detal daha sonradan dəqiqləşdirilməyib.

Ehtimallar arasında ən çox müzakirə edilənlərdən biri isə AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurula biləcəyidir. 

Bu barədə iddialar ilk olaraq Rusiyanın teleqram kanallarında yayılmağa başladı. Belə ki, qəzadan bir neçə saat sonra hadisə yerindən təyyarənin son halını əks etdirən görüntülər yayıldı. Bu görüntülərdən isə onun quyruq hissəsində çıxıntı və qəlpə zədələrinə bənzər izləri görmək mümkündür. 

Bunun ardınca, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğunu iddia edib.

Öz teleqram kanalında yazılı açıqlama yayan Kovalenko hadisəni şərh edib və bildirib: “Bu gün səhər Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, lakin bunu etmədi. Təyyarə ruslar tərəfindən zədələnib və Qroznıda təcili enişi təmin etmək və insanları xilas etmək əvəzinə, Qazaxıstan tərəfə göndərilib”.

Hərbi ekspert Yan Matveyev isə təyyarənin kiçik ölçülü “Pantsir -S1M” zenit raket kompleksi ilə zədələnə biləcəyini istisna etməyib. Bununla belə, o, hazırda bu versiyanı yüz faiz dəstəkləyən məlumatın olmadığını da diqqətə çatdırıb. 

“Reuters”ə açıqlama verən “AeroDynamic Advisory” şirkətinin analitiki Riçard Abulafiya isə bildirib ki, adətən quşlarla toqquşan təyyarə ən yaxın mümkün ərazidə yerə enir: “Bu zaman təyyarədə idarəetməni itirə bilərsiniz, lakin nəticə etibarilə kursdan uzaq məsafəyə uça bilməzsiniz”. 

Bununla belə, bir qrup hərbi ekspert təyyarənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurula biləcəyi ehtimalını qəti olaraq mümkün hesab etməyib. 

Belə ki, MDB ölkələrinin keçmiş zabitlərindən ibarət “Данк” teleqram kanalının ekspertləri qəzanın kənar təsirlər səbəbindən baş vermədiyinə əmin olduqlarını vurğulayıblar. Qeyd olunub ki, videogörüntülərdə təyyarənin quyruq hissəsində yer alan zədələr göstərir ki, onlara səbəb hava hücumundan müdafiə vasitələri ola bilməz. Bildirilib ki, təyyarənin üzərində izlər quyruğun yuxarı hissəsində yerləşir, hava hücumundan müdafiə raketləri isə yerdən buraxıldığından hədəfləri əsas olaraq aşağıdan vurur: “Böyük ehtimalla, təyyarənin üzərində deşiklər onun yerlə toqquşması zamanı yaranıb. Belə ki, obyekt yüksək sürətlə yerə dəydikdə torpağın üzərində olan daşlar korpusu deşə və təyyarənin üzərindəki izlərə bənzər əlamətlər yarada bilər”.

Sözügedən iddialara Qazaxıstanın Baş nazirinin müavini, qəzanın araşdırılması üçün yaradılan komissiyanın rəhbəri Kanat Bozumbayev də münasibət bildirib. O, hazırda araşdırmaların davam etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını vurğulayıb: “Bura, həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək”.

Məlumat üçün əlavə edək ki, Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib. Şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib.

AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Onu da xatırladaq ki, Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov təyyarənin qara qutusunun ötən gün tapıldığını açıqlayıb: “Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”.

Qeyd edək ki, qəzadan dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı təcili müşavirə keçirib, qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiyanın üzvləri dünəndən qəzanın baş verdiyi Aktau şəhərinə ezam olunub.

(Qafqazinfo)

 

Chosen
10
7
redaktor.az

10Sources