EN

Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyində təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib

Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.

"Far.Az"un yerli bürosu bildirir ki, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Həmçinin UNESCO Baş Direktoru Audrey Azoulay, UNESCO Baş Konfransının Prezidenti Simona Mikolesku, eləcə də müxtəlif ölkələrin Daimi nümayəndəlikləri Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə başsağlığı məktubu ünvanlayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Chosen
13
49
far.az

10Sources