EN

Dost və qardaş ölkələr xalqımızın kədərinə şərikdir

AZAL şirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması və insan tələfatı ilə bağlı həmin gün Azərbaycanın Özbəkistandakı səfirliyində xatirə kitabı açılıb.

Səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, ölkədəki diasporumuzun üzvləri xalqımıza başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar. Mətəm günündə isə Bakı vaxtı ilə saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dünən Özbəkistandakı səfirlər və digər diplomatlar Azərbaycan səfirliyinə gələrək xalqımıza başsağlığı veriblər.

***

Beynəlxalq Türk Akademiyasının kollektivi də Azərbaycanın Qazaxıstandakı səfirliyinə gedərək Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası qurbanlarının xatirəsini anıblar.

Akademiya adından xatirə kitabına yazılan başsağlığında qardaş Azərbaycan xalqına bu faciə ilə bağlı dərin hüzn, rəhmət diləyi və təsəlli ifadə olunub.

***

Azərbaycanda elan olunmuş matəm günündə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ölkəmizin səfirliyinə gəlib və xatirə kitabına ürək sözlərini yazıb.

Nazir Tacikistan hökuməti adından səfir Əlimirzamin Əskərova və həlak olan sərnişinlərin yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

***

Matəm günü ilə bağlı ölkəmizin Pakistandakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif təyyarə qəzası ilə əlaqədar dekabrın 26-da Azərbaycanın Pakistandakı səfirliyində olub. Baş nazir Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib. Məhəmməd Şahbaz Şərif xatirə kitabına ürək sözlərini yazıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri

Chosen
15
xalqqazeti.az

1Sources