EN

“EU Reporter”: “Fransa Cənubi Qafqazda sabitliyi təhdid edir”

“Şimali və Qərbi Afrikada siyasi təsirini itirən Fransa Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanı silahla təmin etməklə bu regionlarda qeyri-sabitlik yaradır”.

Bu barədə amerikalı jurnalist Ceyms Uilsonun “EU Reporter” portalında Fransanın dünyanın müxtəlif regionlarında apardığı destruktiv siyasətlə bağlı məqaləsində deyilir.

Müəllif belə bir siyasətin arxasında, əslində, nələrin dayandığını araşdırıb.

C.Uilson məqalədə Fransa silahlı qüvvələr naziri Sebastyan Lekornyunun “Hizbullah” terror təşkilatının İsraili atəşə tutması səbəbindən Livanda vəziyyətin pisləşdiyi, bunun da Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə səbəb ola biləcəyi barədə dediklərini xatırladıb, bununla belə, Parisin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini bildirib.

“Bəs onda nə üçün Paris Livan ordusunu onlarla VAB zirehli döyüş maşını ilə təmin etmək qərarına gəldi? Lekornyu iddia edir ki, bu maşınlar ölkə daxilində patrul missiyalarında hərbçilərə kömək edəcək. Hamı bilir ki, “Hizbullah” tanınmış terror təşkilatıdır və nəticədə Livan ordusuna verilən istənilən silahı alır. İsrailli ekspertlər artıq Fransanın bu düşünülməmiş addımından hiddətləniblər”.

Müəllif Livan ordusuna ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər tərəfindən verilən hərbi texnikanın, silah və sursatın “Hizbullah”ın əlinə keçməsi və İsrailə qarşı istifadə edilməsi riskindən danışıb və növbəti münaqişədə onların İsrailə qarşı istifadə edilə biləcəyini deyib.

“Həmçinin qeyd olunub ki, Fransa artıq İranın müttəfiqi olan Ermənistana zirehli döyüş maşınları verib, bundan başqa, ona üç “Thales Ground Master 200” radar sistemi və “Mistral” zenit-raket kompleksləri təqdim edəcəyinə söz verib. Bu, daha qəribə addımdır. Çünki Moskva İrəvanla birgə hava hücumundan müdafiə sazişi bağlayıb, bu isə Rusiyaya bu hərbi texnikaya çıxış imkanı verir. Qərb müttəfiqlərinə qarşı hibrid müharibə aparan Rusiya və İranın güclənməsi Fransanın Cənubi Qafqazda təsir üçün ödəməyə hazır olduğu əvəzə çevrilib”.

Məqalədə Ukrayna münaqişəsi ilə bağlı cəhətlərə də toxunulub.

“Aydındır ki, Rusiya kütləvi şəkildə cəbhəyə göndərilə bilən sovet dövründən qalma hərbi texnikanın daha zəngin ehtiyatlarına malikdir. Ukrayna, “Bloomberg”in qeyd etdiyi kimi, Avropanın ona zəif hərbi yardım göstərməsi səbəbindən kifayət qədər zirehli texnika almaqda çətinlik çəkir. Bu səbəbdən onun hücum potensialı azalır”.

Müəllif HƏMAS-ın İsrailə qarşı başlatdığı müharibənin medianın və Qərbin diqqətini faktiki olaraq Yaxın Şərqə yönəltdiyini vurğulayıb:

“Kiyev İsrailin tezliklə qələbə çalacağına ümid edir ki, Avropa bütün diqqətini Rusiyanı geri çəkməyə yönəltsin. Ukrayna tükənmiş vəziyyətdədir. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın sovet dövründən qalma hərbi maşınlarla dolu nəhəng anbarları var. Müasir texnologiya ilə bu köhnə maşınlar, xüsusilə zirehli texnikası getdikcə tükənən ordu ilə müqayisədə hələ də döyüş meydanında faydalı ola bilər. Axı 1950-ci illərin köhnə PDM-i (piyadaların döyüş maşını - red.) piyada taqımını zirehli yük maşını, avtomobil və ya mülki avtomobildən daha çox müdafiə edəcək... Bu səbəbdən Ukrayna hərbi maşın və texnika üçün Qərbə üz tutur”.

Məqalədə Ermənistan və Livana göndərilən zirehli transportyorların Ukraynada daha faydalı ola biləcəyi vurğulanıb.

“Bəs əslində, bu siyasətin arxasında nə dayanır? Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada (Aİ və ABŞ-dən) müstəqil oyunçu olmaq cəhdi? Yoxsa Fransa, sadəcə olaraq, Qərbin düşmənlərinin qılığına girir?” - deyə Ceyms Uilson sözlərini yekunlaşdırıb.

Chosen
237
1
Sources
Comment ()
Close