Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur. Yüksək hərarət, quru öskürək, qızarmış gözlər, işığa həssaslıq, burun axması, boğaz ağrısı, ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilərə səbəb olur. Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir. Qızılca xəstəliyindən əziyyət çəkənlərdə ömürlük güclü immunitet yaranır.
Pediatr Aygün Cəfərli QHT.az-a açıqlamasında bildirib ki, ölkəmizdə qızılcaya yoluxma halları çoxalıb. Onun sözlərinə görə, peyvəndləmə aşağı səviyyədə olduğu, COVID-19 pandemiyası vaxtına təsadüf etdiyi üçün tibb müəsisələrinə müraciətlərin sayı az oldu, həm valideyinlər ətrafındakılardan düzgün olmayan yalan məlumatları alıb övladlarını təhlükə altına alırlar, öz istəkləri, imzaları ilə peyvəndlərdən yayınırlar: “Biz hər dəfə peyvəndlərin vacibliyini vurğulayırıq. Bu dövlətin, ÜST - nin qərarıdır ki, uşaqlar yaşına uyğun rutin olaraq peyvəndlər almalıdır. Uşağın 1 və 6 yaşında məxmərək, qızılca, parotit xəstəlikləri üçün peyvənd var. Bu vurulduqda uşaq 98 % qızılca keçirmir və yaxud da qızılca, digər xəstəlikləri daha yüngül formada keçirəcəklər. Əgər uşaq 7 yaşında çatıb heç bir peyvənd almayıbsa, 10 yaşadək 1 doza şəklində qızılca, parotit, məxmərək (QPM) peyvəndi almalıdır”.
Qızılcaya qarşı yeganə qorunma vasitənin peyvənd olduğunu bildirən pediatr başqa bir müalicə metodunun olmadığını da vurğulayıb. O, qeyd edib ki, uşaqların yoxlanılması mütəmadi şəkildə keçirilir: “Bütün məktəb, baxçalarımızda gücləndirilmiş iş rejimi gedir. Dezinfeksiya işləri aparılır. Uşaq xəstədirsə 21 gün müddətində karantin təyin olunur. Müalicə simptomatik gedir. Gələcəkdə gözdə baş verəcək problemlərin qarşısını almaq üçün xəstənin 2-3-cü günündə A vitamini 200000 BV doza ilə təyin edirik. Ağırlaşmalar korluq yarada bilər, Pnevmoniya, Otit, Ensefalit verə bilər. A vitamini nələrdə var: qaraciyər, yumurta sarısı, balıq yağı, kərə yağı, xama, kəsmik, pendir; bitki mənşəli qidalardan: kök, boranı, şirin bibər, ispanaq, brokkoli, yaşıl soğan, cəfəri, pomidor, ərik, şaftalı, paxlalılar və s”.
Qeyd edək ki, bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Onlardan 35-i yaşlı insanlar olub. Kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib.
Pərvanə Fərhadqızı