EN

Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı, 5 dekabr, AZƏRTAC

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, "Azman Holdinq" şirkətinin icraçı direktoru İlham Əhmədov, rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkədə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır. Bu festival ölkənin əhəmiyyətli, ən parlaq idman və mədəniyyət tədbirlərindən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir”.

Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilərlər.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi dekabrın ortalarında, bağlanışı isə 2024-cü ilin martında baş tutacaq. Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Chosen
127
3
Sources
Comment ()
Close