“Neftçi”nin işlərinin qaydasında getməməsində Emin Mahmudovun oyununun alınmamasının rolu böyükdür.
Yığmada da kapitan sarğısını daşıyan futbolçunun Canni de Byazinin rəhbərliyi altında xoş təsir bağışlayıb, klubda gözdən itməsinin mütləq ki, səbəbi var.
Əksəriyyət zəifləməni yaşla əlaqələndirsə də, bunu ciddi əsas göstərmək doğru deyil. Adam 7-8 ay əvvəl Laurentsiu Regekampfın dönəmində parlaq futbol sərgiləyirdisə, deməli, yaş tutarlı faktor deyil.
İki vacib amil var. Ya Adrian Mutunun futbol fəlsəfəsi Eminin futbolçu bacarığına yaddır, ya da komandanın daxilindəki ab-hava, ümumi atmosfer Mahmudovun ürəyincə deyil.
Yuri Matiasın gəlişindən sonra azarkeşlərin braziliyalıya daha çox önəm verməsi, mətbuatın hər imkanda Yurinin liderlik keyfiyyətlərini qabartması, klub rəsmilərinin bəzi hallarda “44 nömrə”yə nisbətən artıq diqqət göstərməsi də kapitanın oyunundakı enişin səbəbi hesab oluna bilər.
Emin “Neftçi”yə gəldiyi gündən bütün məşqçilər üçün əvəzedilməz sima hesab olunub.
Oyunların 95 faizində əsas heyətdə yer alıb və barmaqla sayıla biləcək sayda görüşdə meydanı hakimin final fitindən əvvəl tərk edib. Adam həmişə əvvəldən sonra qədər mübarizə aparıb. Çünki ona xilaskar gözündə baxılıb.
Hazırkı durum kökündən fərqlənir. “8 nömrə” 15 turun 14-də oynamaq imkanı əldə edib. Bunların 13-də “11-lik”də görünüb, 1 halda meydana sonradan daxil olub.
Həmin 13 matçın 6-da ikinci hissənin gedişində əvəzlənib.
Mahmudov cari mövsümdə 14 oyunda 1106 dəqiqə şans qazanıb və 4 assistlə yadda qalıb. Hələ ki, rəqib qapıçıları məyus edə bilməyib.
Halbuki, ötən mövsüm 36 görüşün 33-də əsas heyətdə yer almaqla 17 qol vurmağa nail olmuşdu.
Bəli, Eminin çıxışında aşkar eniş müşahidə olunmaqdadır. Əvvəlki ruhu itib, ağırlaşıb və sanki vecsiz olub. Bunun yayda bağladığı 2 illik yeni müqavilədən sonra baş verməsi isə təəssüf doğurur.
Olmaya, ötən mövsüm meydanda can qoymasının başlıca səbəbi böyük məbləğli yeni sözləşməyə imza atmasına görəymiş? İnanmaq istəməsək də, mövcud durum başqa nəsə haqda düşünməyə imkan vermir.
“Neftçi” rəhbərliyi və məşqçilər heyəti komandanın ən ödənişli futbolçularından birini, həm də də kapitanını əvvəlki halına qaytarmağın yollarını tapmalıdır.
Eminin “qarın ağrısı” var, bəylər. Soruşun, maraqlanın. Mütləq ki, bir səbəb çıxacaq ortaya.
HƏBİB / SPORTİNFO.AZ